Analitika

Füzuli yurdum, günün mübarək!

Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var. Qarabulaq kəndi XIX yüzilin sonu, XX yüzilin önlərində el arasında “Malaqan bazarı” adlanırdı. Sonralar çar polkovniki Karyaginin şərəfinə Karyagin adlandı. Karyagin böyüyüb, şəhər statusu aldı. 1906-cı ildən 1918- ci ilədək qəza, sonra isə rayon mərkəzi oldu. 1959-cu ildə böyük Azərbaycan şairi Mövlana Məhəmməd bin Süleyman Füzulinin şərəfinə Füzuli adlandı. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. 1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır.

Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Rayonun ərazisi 1386 kv.kilometr, əhalisi isə 105 min nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdur. İşğal dövründə Füzuli praktiki olaraq yalnız dağıntılar və minalardan ibarət bir kabus şəhər idi. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. 5 yanvar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə baş tutumuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Vətən müharibəsinin 21-ci günü-2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir.

Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur. Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.

Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Vəfa Əlnağıyeva,
Xəzər rayonu,
149 №li tam orta məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini

Oxşar Xəbərlər

Back to top button