Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var
Son illər yazılarımızı bir qayda olaraq bu girişlə başlayırıq: daha bir tarixi gün yaşadıq… 21 dekabr 2023-cü il də fərqli tarixi günlərdən biri oldu. Hamımızın nəzər-diqqəti ölkəmizin başkəndinin 329 km-liyində yerləşən Xankəndiyə dikilmişdi.
21 dekabr tarixində baş tutan oyunun nəticələrindən asılı olmayaraq qalib də bəlli idi. Ölkə Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması da təbii ki, böyük rəmzi məna daşıyırdı. Çünki, Qarabağ-Ordu-Xalq birliyi Zəfərimizin əsas mənbəyidir. Otuz il ərzində separatizmin qara rəmzinə çevrilən Xankəndidə bu gün erməni terrorçularının izi-tozu da yoxdur. Beləliklə, bundan sonra Xankəndi şəhər stadionunda, onun ətrafında silah səsləri deyil, sülh, əmin-amanlıq mesajları ucalacaq.
Xankəndi stadionu şəhidlərinə böyük ehtiramını sayğı duruşu ilə ananda yüz km-lərlə uzaqda olanlarımız da sükut içində ehtiramını ifadə etdi, nəfəs belə dərmədən… Kövrəldən və qürurlandıran mənzərəydi. Bu Qələbənin memarı, Xankəndi Fatehi, Ali Baş Komandan “bu gün şəhidlərimizin övladları və ailə üzvləri bizim yanımızdadır, gəlin hamılıqla bir yerdə onları salamlayaq”-deyərək şəhid övladlarına sarı döndü, onları alqışladı, azarkeş ordusu və komanda heyətləri ilə birlikdə. Şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsinin daha bir ilki oldu: ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak edirdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi stadionunda çıxışı zamanı qeyd etmişdir: “Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi – Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir”.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı