Analitika

Fransa Cənubi Qafqazda sülhə mane olur

Göründüyü kimi, Azərbaycana qarşı çirkin kampaniyalardan əl çəkməyən, beynəlxalq hüququ saymayan, demokratik prinsipləri ayaqlar altına almağa adət etmiş Fransa yenidən öz ampluasındadır. Rəsmi Parisin bir ovuc erməni lobbisinin əlində oyuncağa çevrilməsi faktı növbəti dəfə öz təsdiqini tapır – Fransa Cənubi Qafqaz regionunda gərginliyi artırmaq, onu geosiyasi rəqabət məkanına çevirmək istəyindən geri durmur. Cənubi Qafqazda da yürütdüyü neokolonizm siyasətinin fərqli bir mənzərəsini formalaşdırmağa çalışan Fransanın bütün kartları açılıb – aparılan ermənipərəst siyasətin ardı-arası kəsilmir. Frankofoniya məğlubiyyəti, BMT TŞ-də ard-arda düşdüyü rəzil durumlar, Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı boşa çıxan bütün çabaları Fransa üçün dərs olmur. Prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri heç bir işə yaramır. Bu bir reallıqdır ki, Fransa Ermənistanın timsalında özünün regiondakı əlaltısını müəyyənləşdirib və onun əli ilə regiona nüfuz edəcəyini düşünür. Təbii ki, rəsmi Parisin bu kimi “blokada” və ya “yardım oyunlarında” iştirak etməyə can atması özünün korporativ maraqlarını həyata keçirməyə hədəflənib. Makron Ermənistanın, eləcə də Qarabağda yaşayan ermənilərin “əli ilə” regiona girmək istəyir. Bir müddət öncəyə qədər fərqli beynəlxalq təşkilatların adı və missiyası altında regionun nəzarətini ələ alacağını düşünən Fransa buna nail ola bilmədi – Azərbaycanın qəti mövqeyi buna imkan vermədi. Ardından Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı cəhdləri də boşa çıxdı. Demək ki, əlac Parisin separtizmi dəstəkləmə cəhdlərinə qalır – bu da boş xəyalıdır. Fransa unutmamalıdır ki, başlatdığı kampaniya Azərbaycanın suveren əraziləri ilə bağlıdır. Laçın postundan içəri Azərbaycan əraziləridir və orada Azərbaycan qanunları hakimdir.

Makron cidd-cəhdlə Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı “beynəlxalq rəy” almağa çalışır. Bu postdan istifadə ilə bağlı Qarabağda yaşayan ermənilərin hər hansı bir problemi olmayıb – onlara heç kim problem yaratmayıb. Hətta ən rahat və təhlükəsiz şəkildə Ermənistana gedib-gəlmələri təşkil edilib – indiki halda Azərbaycanın irəli sürdüyü alternativ yol da eyni funksionallığa və təhlükəsizliyə malikdir. Azərbaycan bundan artıq nə etməlidir? Bütün humanitar məqsədli yüklərin Ağdam-Xankəndi yolu ilə daşınması təklif olunur. Məlumdur ki, Fransa Ermənistan vasitəsilə Qarabağdakı silahlı tör-töküntünü silahlandırmaq istəyir və Azərbaycanın haqlı iradı bunun qarşısını alıb. Fransa regionda sülhün formalaşmasına qarşı olduğunu hər addımbaşı biruzə verir – bu ölkənin prezidentinin “narahatlığı” da məhz buradan qaynaqlanır.

Sübhan Ərəbi,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button