Faciənin baş verdiyi gündən Azərbaycan Türkiyənin yanındadır
Türkiyə yer kürəsinin ən aktiv fay zonalarında yerləşir və həmişə böyükdür zəlzələ təhlükəsi və riskinə məruz qalan bir ölkədir. Ərazisinin böyük bir hissəsi fay xəttində yerləşən Türkiyədə növbəti dəfə 2023-cü ilin fevral ayında güclü zəlzələ baş verib. Episentri Kahramanmaraş şəhərində yerləşən zəlzələ 7.4 bal gücündə olub. 10-dən çox vilayətdə dağıntılar yaradan təbii fəlakət nəticəsində minlərlə həlak olub, vətəndaş xəsarət alanlar mövcuddur və bu say getdikcə artmaqdadır. Dağıdıcı zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla ümumilikdə 42 afterşok baş verib. Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycanı dərindən kədərləndirib və ölkəmiz qardaş Türkiyənin dərdinə şərikdir. Azərbaycan və Türkiyə tarixin ən mürəkkəb, ən təlatümlü anlarında belə mənəvi baxımdan bir-birlərinin yanında olub, bir –birlərinə sevgi və dəstək göstəriblər. Azərbaycan-Türkiyə tarixi qardaş xalqlar, qardaş dövlətlər tarixidir və biz bu tarixə nəzər salanda görürük ki, hər iki dövlət ən çətin, ən məşəqqətli gündə belə bir-birlərinin yanında olub, dəstək nümayiş etdiriblər. Zəlzələnin ilk anından etibarən Azərbaycan Türkiyənin yanında olduğunu deyib, onunla birlik və həmrəylik sərgiləyib. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmağa hazırdır. Azərbaycanın biznes ictimaiyyəti də yardım prosesində fəal iştirak edir, öz dəstəyini əsirgəmir.
Ümumilikdə faciə baş verdiyi dövrdən bu günə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir.
Həmçinin Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.
Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu məsələdə də öz təsdiqini tapıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göndərilib və bu yardımlar davam edir. Zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Eyni zamanda vətəndaşlarımız da yardım kampaniyası başladıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan–Türkiyə münasibətləri dünya üçün qardaşlıq nümunəsidir.
Səba Rzayeva,
YAP-ın gənc fəalı.