Analitika

Əzəmətli üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirir

“Hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağı fəxr, fəxarət mənbəyidir. Bu gün əzəmətlə dalğalanan üçrəngli bayrağımız qürur və varlığımızın təcəssümüdür. Bu gün üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, qürurvericidir ki, illər öncə Prezidentimizin dediyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” ifadələri bu gün real həyatda təsdiqini tapıb. Şanlı zəfərimiz nəticəsində üçrəngli bayrağımız artıq 30 ilə yaxın həsrət qaldığı torpaqlara qovuşdu. Eyni zamanda böyük qələbəmizin təcəssümü olan Zəfər günü ilə Bayraq gününün ardıcıl olaraq qeyd edilməsi təqvimdə xoş bir təsadüf oldu. Bu, İlahi ədalət idi ki, 2020-ci ilin 9 Noyabr – Dövlət Bayrağı Gününü Vətən qibləmiz Şuşanın azadlığının təsvirəgəlməz qürur hissi ilə qeyd etdik.

“Xalqımızın bayraq sevgisi həmişə böyük olub, bu gün də üçrəngli, ay-ulduzlu müqəddəs bayrağımız uğrunda canını qurban verməyə milyonlar hazırdır. Bizim üçün bayraq sadəcə ölkəmizin rəsmi atributu yox, millətimizin qüruru, dövlətimizin gücü, vətənimizin azadlıq rəmzidir”.

Onun sözlərinə görə, bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirir. İndi əzəmətli Azərbaycan bayrağı əzəli, qədim torpaqlarımızda dalğalanmaqdadır. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsində ucalan Zəfər bayrağımız əbədi dalğalanacaqdır.

Oxşar Xəbərlər

Back to top button