“Euronews”: 2500-dən çox iştirakçının qatıldığı tədbir Azərbaycanı əsas rəqəmsal tərəfdaş ölkə kimi təqdim edib

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) beynəlxalq siyasətçiləri, nazirləri və rəqəmsal liderləri Bakıda bir araya gətirərək ölkələrin daha təhlükəsiz, inklüziv və dayanıqlı rəqəmsal gələcək qurmaq yollarını müzakirə edib.
Aktualinfo.az xəbər verir ki, bu barədə “Euronews” telekanalının veb-saytında dərc olunan materialda bildirilib.
Qeyd edilib ki, Azərbaycan inklüziv əlaqəliliyi təşviq etmək məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) üzvlərini, nazirləri və qlobal rəqəmsal liderləri bir araya gətirən “WTDC-25”ə ev sahibliyi edib.
“Euronews”, həmçinin tədbir iştirakçılarının kibertəhlükəsizlik, məlumatların qorunması və yeni texnologiyaların etik tətbiqi zərurətini vurğuladıqlarını bildirib. Materialda, o cümlədən müzakirələrin kənd və şəhər arasında fərqlərin aradan qaldırılması, əlaqəlilik xərclərinin azaldılması və inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi mövzularına həsr olunduğu qeyd edilib.
“2500-dən çox iştirakçının qatıldığı tədbir BTİ-nin inkişaf konfransları üzrə rekorda imza atıb və Azərbaycanı əsas rəqəmsal tərəfdaş ölkə kimi təqdim edib. Liderlər rəqəmsal uçurumun aradan qaldırılmasında əlçatanlıq, dayanıqlıq və qlobal əməkdaşlığın vacibliyini vurğulayıblar”, – telekanal qeyd edib.



