Analitika

Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi

Müasir dövrdə hər bir dövlətin beynəlxalq aləmdə nüfuz qazanması, layiqli yer tutması, öz milli maraqlarının müdafiə etməsi və dünya siyasətindəki mövqeyini möhkəmləndirə bilməsi baxımından beynəlxalq əməkdaşlıq əlaqələrinə önəm verməsi, dünya ölkələri ilə dostluq münasibətlərini qoruyub saxlaması son dərəcə vacibdir.

Azərbaycan dövləti bu istiqamətdə fəaliyyətə daim diqqət göstərərək dünya dövlətləri ilə bütün sferalarda xoşməramlı münasibətlər qurmağa çalışır, beynəlxalq əməkdaşlığın inkişafı sahəsində həlledici uğurlara imza atır. Ölkənin müstəqilliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq, milli maraqları hər şeydən üstün tutmaq, xalqın mənafeyinə uyğun daxili və xarici siyasət yürütmək, xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və s. məsələlər Azərbaycanın xarici siyasətinin qarşısında duran əsas vəzifələrdir. Prezident İlham Əliyev Ulu Öndərin yürütdüyü uzaqgörən xarici siyasət kursunu müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirərək diplomatik əməkdaşlığın inkişafına həssaslıqla yanaşır, dövlətimizin milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olur. Azərbaycan öz ərazi bütövlüyün təmin etdikdən sonra türk dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir, bu ölkələrlə balanslaşdırılmış siyasət apararaq tarixi qardaşlıq və dostluq münasibətlərini qoruyub saxlayır.

Azərbaycanın Qazaxıstan ilə günü-gündən şaxələnən əməkdaşlıq əlaqələri də bu qəbildəndir. Bu iki ölkəni ortaq kökə, mədəniyyətə və ənənələrə malik olmaları, dil və din eyniliyi birləşdirir. Qazaxıstanda yüzlərlə azərbaycanlı yaşayır ki, onlar ölkədə elm, iqtisadiyyat, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdə çalışırlar, eyni zamanda, Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Ölkəmiz hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm,separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib.

İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında vurğuladı ki, bu, prezidentin son iki ildə Qazaxıstana dördüncü səfəridir. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib və bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Cənab Prezident çıxışında qeyd etmişdir ki, Azərbaycan ikinci dəfədir artıq ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi. Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik. Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm” deyə cənab Prezident çıxışında bildirdi.

Bu gün Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli faktorlar – geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm məqamlar yaxınlaşdırır.Həm bu səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün platforma rolunu oynamışdır. Bu səmərəli siyasi dialoqun töhfəsi olaraq, hazırda Azərbaycan-Qazaxıstan münasibətləri bir çox sahələrdə dinamik şəkildə inkişaf etməkdədir.

Azər Həsənov,
Xəzər rayonu, 92 N-li tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button