AnalitikaGündəmSiyasət

Etibarlı dayağımız, qürur mənbəyimiz

Hər il 26 iyun tarixində Azərbaycan xalqı ölkəmizin təhlükəsizliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün keşiyində dayanan Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününü böyük qürur hissi ilə qeyd edir. Bu əlamətdar gün müasir Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, qəhrəman hərbçilərimizin xidmətlərini yüksək qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk nizami hərbi hissələrin yaradılması haqqında qərarın qəbul edilməsi ilə milli ordumuzun əsası qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış Fərmana əsasən, 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.

Müstəqillik illərində Azərbaycan Ordusunun formalaşdırılması və gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar nəticəsində peşəkar və döyüş qabiliyyətli Silahlı Qüvvələrin təməli yaradılmışdır. Bu siyasət bu gün də uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir. Ordumuzun maddi-texniki bazası müasirləşdirilmiş, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirilmiş, döyüş hazırlığı daha da artırılmışdır.

2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və yüksək döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Qəhrəman əsgər və zabitlərimiz xalqımızın çoxillik torpaq həsrətinə son qoyaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasında misilsiz xidmətlər göstərdilər. Sonrakı dövrdə əldə olunan uğurlar isə ölkəmizin suverenliyinin tam bərpasını təmin etdi.

Bu gün Azərbaycan Silahlı Qüvvələri dövlətimizin etibarlı dayağı, xalqımızın qürur mənbəyidir. Ordumuzun hər bir üzvü Vətənə sədaqətlə xidmət edərək Azərbaycanın təhlükəsizliyinin və sabitliyinin qorunmasına öz töhfəsini verir.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button