AnalitikaGündəmSiyasət

Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik

Martın 12-də Bakıda yerləşən Gülüstan Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilmişdir. Müasir dövrdə qlobal təhlükəsizlik, beynəlxalq münasibətlər və çoxtərəfli əməkdaşlıq kimi məsələlərin xüsusi aktuallıq kəsb etdiyi bir vaxtda keçirilən Forum dünya miqyasında mühüm siyasi və intellektual platforma kimi diqqət çəkir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən sabiq və fəaliyyətdə olan dövlət və hökumət başçıları, parlament rəhbərləri, diplomatlar, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmiş və çıxış etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Qlobal Bakı Forumunun artıq mühüm beynəlxalq platformaya çevrildiyini, dünyanın müxtəlif ölkələrindən olan siyasi liderləri, tanınmış ictimai xadimləri və ekspertləri bir araya gətirərək qlobal problemlərin müzakirəsi üçün əhəmiyyətli imkan yaratdığını qeyd etmişdir. Cənab Prezident bildirmişdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi illər ərzində yüksək səviyyəli fəaliyyət nümayiş etdirərək beynəlxalq nüfuzunu daha da artırmış və qlobal məsələlərin müzakirəsində mühüm rol oynayır.
Dövlət başçısı çıxışında xüsusilə təhlükəsizlik və sabitlik məsələlərinin müasir dövrdə ölkələrin gündəliyində əsas prioritetə çevrildiyini qeyd etmişdir. Onun sözlərinə görə, təhlükəsizlik və sabitlik olmadan iqtisadi inkişaf, sosial rifah və digər sahələrdə əldə olunan nailiyyətlər mənasını itirə bilər. Müasir dünyada baş verən münaqişələr və yeni gərginlik ocaqları beynəlxalq təhlükəsizlik sistemini sarsıdır və bu da ölkələri daha diqqətli və məsuliyyətli davranmağa məcbur edir.
Prezident İlham Əliyev Azərbaycan üçün regional təhlükəsizlik məsələsinin hər zaman əsas prioritet olduğunu bildirmiş, uzun illər ərzində Azərbaycanın ərazilərinin bir hissəsinin işğal altında olduğunu və ölkəmizin həmin dövrdə beynəlxalq təşkilatların bəzi hallarda selektiv yanaşması ilə üzləşdiyini qeyd etmişdir.
Prezident çıxışında 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixi ədaləti bərpa etməsi ilə nəticələndiyini qeyd etmişdir. Onun sözlərinə görə, beynəlxalq hüquq və həqiqət Azərbaycanın tərəfində olduğu halda sülh yolu ilə həll üçün bütün imkanlar tükəndikdə gücdən istifadə qaçılmaz olur. Azərbaycan da məhz bu hüquqa əsaslanaraq öz torpaqlarını azad etmiş və daha sonra siyasi və diplomatik yollarla sülh prosesini davam etdirir. Dövlət başçısının sözlərinə görə 2023-cü ilin sentyabrında baş verən hadisələrdən sonra qısa müddət ərzində tərəflər arasında sülh prosesinin irəliləməsi və 2025-ci ilin avqustunda sülh sazişinin paraflanması normallaşmanın sürətli nümunəsidir. Prezident İlham Əliyev qeyd etmişdir ki, hazırda iki ölkə artıq yeddi aydır sülh şəraitində yaşayır və sərhəddə sabitlik hökm sürür.
İlham Əliyev Azərbaycanın sülh siyasətinə sadiq olduğunu vurğulayaraq bildirmişdir ki, ölkəmiz Ermənistanla ticarətin bərpası və iqtisadi əməkdaşlıq üçün də addımlar atmışdır. Azərbaycanın Ermənistana enerji məhsullarının ixracına başlaması regionda yeni əməkdaşlıq imkanları yaradır. Dövlət başçısı qeyd etmişdir ki, bu addımlar Azərbaycanın uzunmüddətli və davamlı sülhə sadiqliyini nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı olduğunuz, ölkəmizin bu marşrutların inkişafına böyük investisiyalar qoyduğunu və regionun əsas tranzit mərkəzlərindən birinə çevrildiyini, Ermənistanla sülh əldə olunduqdan sonra isə Orta Dəhlizin yeni istiqamətinin yaradılması üzərində iş aparıldığını, bu marşrutun Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəyini, regionda yeni iqtisadi imkanlar yaradacağını bildirmişdir.
Prezident İlham Əliyev çıxışının sonunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək onun qlobal məsələlərin müzakirəsində mühüm rol oynadığını qeyd etmiş, Mərkəzin beynəlxalq təşəbbüslərdə, xüsusilə də COP29 tədbirinin uğurla keçirilməsində fəal iştirak etdiyini bildirmişdir.
XIII Qlobal Bakı Forumu qlobal siyasət, təhlükəsizlik, enerji və əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi bir daha Bakının dünya miqyasında dialoq və əməkdaşlıq məkanına çevrildiyini nümayiş etdirir. Forum həm də Azərbaycanın qlobal problemlərin həllinə töhfə verən və beynəlxalq əməkdaşlığı təşviq edən fəal dövlət kimi rolunu bir daha təsdiqləyir.

Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

 

Oxşar Xəbərlər

Back to top button