AnalitikaGündəmSiyasət

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm istiqamətlərindən biri də tarixi ədalətin bərpası və qərbi azərbaycanlıların öz doğma torpaqlarına – dədə-baba yurdlarına qayıtması məsələsidir. Bu məsələ dövlətimizin başçısının fəaliyyətində strateji əhəmiyyət daşıyır və uzunmüddətli, planlı bir şəkildə həyata keçirilir.

Azərbaycan xalqı bu prosesi təkcə bir köç məsələsi kimi deyil, həm də tarixi, mənəvi və milli haqların bərpası kimi dəyərləndirir.

Qərbi Azərbaycan anlayışı — bugünkü Ermənistan ərazisində, xüsusilə də İrəvan, Göyçə, Zəngəzur və digər bölgələrdə minilliklər boyu yaşamış azərbaycanlıların tarixi vətənini ifadə edir. 20-ci əsrin əvvəllərindən etibarən erməni millətçiliyi nəticəsində bu torpaqlarda yaşayan azərbaycanlı əhali dəfələrlə deportasiyalara məruz qalmış, xüsusilə 1948–1953 və 1988–1991-ci illərdə kütləvi şəkildə ata-baba yurdlarından qovulmuşdur. Bu deportasiyalar beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulması idi. Ata-baba yurdlarından zorla çıxarılmış soydaşlarımız bununla heç vaxt barışmamış, hər zaman öz doğma vətənlərinə qayıtmaq haqda düşünmüşlər.

Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkmiş və qərbi azərbaycanlıların tarixi torpaqlarına dinc yolla, beynəlxalq hüquq normalarına uyğun olaraq qayıtmasının Azərbaycanın legitim və dəyişməz mövqeyi olduğunu bəyan etmişdir. Dövlət başçısının bu çıxışı Azərbaycanın qərarlı və sistemli şəkildə bu istiqamətdə hərəkət edəcəyini göstərən siyasi bəyanat idi. Cənab Prezident bu məsələyə emosional deyil, hüquqi müstəvidə yanaşmağı tövsiyə edərək demişdir:

“Biz emosiyalarla yox, beynəlxalq hüquqa əsaslanaraq, beynəlxalq aləmdə qəbul edilmiş insan haqları prinsiplərinə söykənərək öz haqlarımızı müdafiə etməliyik. Biz qayıdacağıq, bu, bizim tarixi torpağımızdır!”

Dövlət başçısının çağırışı ilə 2023-cü ildə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” hazırlanaraq ictimaiyyətə təqdim olundu. Bu konsepsiya qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıdış mexanizmini müəyyən edir və bu prosesi beynəlxalq hüquq çərçivəsində aparmağı hədəfləyir. Qayıdış Konsepsiyası tarixi faktların toplanması və sənədləşdirilməsi, deportasiyaya məruz qalmış insanların hüquqlarının bərpası üçün beynəlxalq təşkilatlarla iş, Qərbi azərbaycanlıların dinc, könüllü və təhlükəsiz şəkildə qayıtmasının təmin olunması, mədəni irsin qorunması və hüquqi mübarizə mexanizmlərinin yaradılması kimi istiqamətlərini əhatə edir. Bu konsepsiya eyni zamanda, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və soyqırımı aktlarının beynəlxalq ictimaiyyətə çatdırılması üçün əsas sənəd rolunu oynayır.

Cənab Prezident İlham Əliyevin çağırışından sonra Qərbi Azərbaycan İcmasının fəaliyyəti daha da genişləndirildi. İcma beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, beynəlxalq məhkəmələrə və insan haqları qurumlarına müraciətlər hazırlayır, tarixi faktları əks etdirən sənədlər və foto-şəkillərlə dünya ictimaiyyətini məlumatlandırır. İcma təkcə siyasi və hüquqi sahədə deyil, mədəni və elmi istiqamətdə də ciddi fəaliyyət göstərir. Qərbi Azərbaycanın tarixini, folklorunu, memarlıq abidələrini, şəxsiyyətlərini tədqiq edən layihələr, konfranslar, sərgilər təşkil olunur. Bu həm də bir yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

Cənab Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə də qərbi azərbaycanlıların hüquqlarını gündəmə gətirərək, bu məsələnin təkcə Azərbaycan üçün deyil, ümumbəşəri hüquqlar kontekstində də vacib olduğunu diqqətə çatdırır. Onun fikrincə, bu proses Ermənistanla sülh və qonşuluq münasibətlərinin qurulması üçün əsas amillərdən biridir. Əgər Ermənistan regional sabitlik istəyirsə, etnik təmizləmə siyasətinə son qoymalı və azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnu tanımalıdır.

Məlum olduğu kimi iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Cənab Prezidentimiz İlham Əliyev Zirvə görüşündə çıxış edərək bu məsələ ilə bağlı fikirlər səsləndirmişdir: “Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk.
Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək”

2020-ci ildə Azərbaycanın qazandığı tarixi Zəfər ölkənin regional gücünü artırmaqla yanaşı, yeni siyasi və strateji reallıqlar yaratdı. Ermənistanın işğal etdiyi ərazilərin azad olunması və Azərbaycanın beynəlxalq hüquqla tanınan sərhədləri daxilində suverenliyinin bərpa olunması fonunda qərbi azərbaycanlıların da qayıdışı artıq regional gündəmin mühüm məsələsinə çevrilmişdir. Bu məsələyə Azərbaycanın prinsipial mövqeyi, həm də regionda ədalətli və davamlı sülhün əsas şərti kimi baxılır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışı məsələsi təkcə bir etnik qrupun hüquqlarının müdafiəsi deyil, həm də dövlətin milli ləyaqətinin, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsidir. Bu istiqamətdə atılan hər bir addım – hüquqi sənədlərin hazırlanması, beynəlxalq müstəvidə aparılan fəaliyyət, mədəni irsin qorunması – Azərbaycan dövlətinin uzaqgörən, prinsipial və sülhə yönəlmiş siyasətinin bariz nümunəsidir.
Bu böyük qayıdış gec-tez reallaşacaq və qərbi azərbaycanlılar yenidən öz yurdlarına, öz ocaqlarına qovuşacaqlar.

Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button