Ermənistan özünü təcrid etməklə böyük layihələrdən kənarda qalır
Ermənistan son onilliklər regionda həyata keçirilən qlobal layihələrin heç birinin iştirakçısı deyil. Öz xislətinə görə bu layihələrin hamısından qıraqda qalıb. Neft, qaz ixracı marşrutları, dəmiryolu xətləri, nəqliyyat dəhlizləri onun ərazisindən yan keçir. Bir sözlə, Ermənistan bu sahədə də özünü çıxdaş bir ölkəyə çevirib. Ermənistan isə bütün bu nəhəng işlərə kənardan, düşdüyü iqtisadi dalandan seyrçi kimi baxır. Səbəb aydındır. Bir daha vurğulayaq ki, Azərbaycan mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb. Ölkəmiz bir çox qlobal layihələrin təşəbbüsçüsüdür və onları həmin əməkdaşlıq və tərəfdaşlıq şəraitində uğurla həyata keçirir. Ermənistan isə özünün saysız-hesabsız səhvləri və günahları ucbatından bu platformadan uzaqda qalıb. Prezident İlham Əliyevin dediyi kimi: “Biz qonşularla dostluq, əməkdaşlıq, səmimiyyət əsasında münasibətləri qurmuşuq və məhz buna görə bu layihələrə nail olmuşuq. Ermənistan isə əsrlərboyu qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi saxtalaşdırır və özününküləşdirməyə cəhd edir. Fərq bundan ibarətdir”.
Dövlətimizin başçısı hələ Vətən müharibəsindən əvvəl o ölkənin layihələrdən kənarda qalması barədə bunları da demişdir: “Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişik və bunu heç vaxt gizlətməmişik. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi, sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də olacaq. Beləliklə, Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəsə, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək”. Öz gücümüzlə, müzəffər sərkərdəmizin iradəsi və zəkası ilə, igidlərimizin qanı-canı bahasına artıq mənfur işğalçını torpağımızdan qovmuşuq. Şanlı qələbə qazanmışıq. İndi dövlətimiz, Prezidentimiz böyük humanizm göstərərək erməniləri regionda həyata keçirməyə başladığımız layihələrdə iştirak etməyə çağırır. Lakin ermənilərin xisləti bu mərhələdə də özünü aydın nümayiş etdirir. Çünki onlar sülh adamı deyil, qurub-yaratmağa maraqları yoxdur, işləri-peşələri dava-dalaşdır. Kapitulyasiya etdiklərinə, üzərlərinə öhdəlik götürdüklərinə baxmayaraq verdikləri sözdən qaçmaq istəyirlər.
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibədədə vurğulayıb ki, “Orta Dəhliz istiqamətdə ardıcıl siyasət aparılır. Beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bu layihənin təşəbbüskarı da biz olmuşuq və bu layihənin icrası çox çəkdi. Gürcüstana 775 milyon dollar kredit verilmişdir və bu layihə reallaşdı. “
Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik? Bir sözlə, müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik. Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda ordumuzu gücləndiririk və gücləndirəcəyik”.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı