Ermənistan dərk etməlidir ki, sülh danışıqları ardıcıl olmalı və məntiqi sonluqla yekunlaşmalıdır
Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, ilk növbədə, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Azərbaycan Prezidentinin həyata keçirdiyi ardıcıl iş, diplomatik fəaliyyət sayəsində dünya birliyi Vətən müharibəsinin nəticələrini qəbul edir. Əslində, bu münasibətin formalaşmasında da Azərbaycanın sülh missiyasının böyük rolu var. Azərbaycan Prezidentinin gələcəyə strateji baxışında bölgənin sabahı aydın təsəvvür edilir, hər kəs ölkəmizin regionda sülh, təhlükəsizlik, davamlı inkişaf arzusunu görür. Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən görüş bir çox məqamları ilə yadda qaldı. Bu görüş həm də sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi prosesinin sürətlənməsi, ölkələr arasında problemlərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir. Ölkəmiz Üçtərəfli Bəyanatın, Brüssel razılaşmalarının müddəalarına sadiq olduğunu dəfələrlə birmənalı şəkildə bəyan edib. Ancaq məğlub Ermənistanda Azərbaycanın nə sülh təşəbbüslərinə, nə də sərhədlərin müəyyənləşdirilməsi çağırışlarına adekvat cavab verilmir. Son günlər keçirilən görüşləri də danışıqların növbəti mərhələsi hesab etmək olar. Ermənistan dərk etməlidir ki, sülh danışıqları ardıcıl olmalı və məntiqi sonluqla yekunlaşmalıdır. Ermənistan prosesləri pozduqca Azərbaycanın mövqeyi daha da prinsipiallaşır. Ona görə də nə qədər gec deyil, sülh müqaviləsinin imzalanması Ermənistanın ağır vəziyyətdən çıxması üçün ən optimal yoldur. Görünən odur ki, Ermənistanın siyasi, hərbi və diplomatik rəhbərliyi çox çətin geosiyasi şəraitdə Azərbaycanla sülh sazişini imzalamaq məcburiyyətində olacaq. Rəsmi İrəvan bu reallığı nəzərə almalı, regionun gələcəyi və təhlükəsizlik mühitinin gücləndirilməsi naminə sülh müqaviləsini imzalamalıdır. Əks halda erməni cəmiyyəti gözəl anlayır ki, Azərbaycan tərəfinin hərbi gücü və beynəlxalq müstəvidə siyasi üstünlüyü növbəti şərtləri diktə etməyə hərtərəfli imkan verir. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən və Ermənistan Baş naziri Nikol Paşinyanın da iştirak etdiyi plenar iclasda Azərbaycan ekofəallarının Laçın-Xankəndi yolunda Şuşada keçirilən aksiyası ilə bağlı səsləndirilən ittihamların əsassız olduğunu sübut etdi: “Dövlət başçısı nəzərə çatdırıb ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq. Beləliklə, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı kimi mühüm platformada Azərbaycanın haqlı mövqeyi arqumentlərlə dünya ictimaiyyətini çatdıraraq Ermənistan və havadarlarının bu dövr ərzində apardıqları anti-Azərbaycan kampaniyasını bir daha ifşa etdi, rəsmi Bakının regionda sülh və inkişafı dəstəklədiyini ortaya qoydu”. Bir sözlə, bu gün regionda bütün proseslərin, danışıqların diktəsi Azərbaycana, onun liderinə məxsusdur.
Səba Rzayeva,
YAP-ın gənc fəalı