AnalitikaGündəm

Erməni vandalizminin təzahürləri

Bildiyimiz kimi, 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdi. Müharibə nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin və əsir düşmüş, girov götürülmüş, təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdi. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə viran və talan edilmişdi. Laçın və Kəlbəcər şəhərlərində Ermənistandan və xaricdən köçürülüb gətirilən ermənilər məskunlaşdırılmışdı. İşğal illərində erməni vandalları Ağdam və Füzuli şəhərlərini 1945-ci ildə atom bombası ilə dağıdılan Xirosima və Naqasaki şəhərlərinə bənzətmişlər.

Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri, həmçinin Cəbrayıl rayonu ərazisində bölgənin çox qiymətli memarlıq abidələri olan Xudafərin körpüləri işğal edilmişdi. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil. Çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

Bundan başqa, tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olmuşdur. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranmış, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmiş, qəbiristanlıqlar dağıdılmışdır. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalmışdır ki, onu da xarici qonaqlara “fars” məscidi kimi təqdim edirlər. Bundan başqa, Ermənilərin işğal dövründə “Azox” adlandırdıqları Azıx mağarasında Ermənistan Elmlər Akademiyasında çalışan arxeoloqlar “tədqiqat” aparır, “ən qədim erməninin” burada yaşadığını “sübut etməyə” çalışmışlar.

1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan  250 minə yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 235 səhiyyə ocağı ermənilərin əlinə keçmiş, azərbaycanlılara məxsus 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdılmışdır.

Lakin düşmənin layiqli cavabını verən rəşadətli ordumuz Qarabağı tamamilə düşməndən azad etdi. Hazırda işğaldan azad olunmuş torpaqlarda bərpa- yenidənqurma tədbirləri görülür. Buna misal olaraq deyə bilərik ki, “Böyük qayıdış” proqramı çərçivəsində həyata keçirilən Qarabağ və Şərqi Zəngəzurda tikinti işləri həyata keçirilir. Həmçinin, Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” sərgisinin məqsədi işğaldan azad olunan ərazilərdə müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqəti çəkməkdir.

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button