AnalitikaGündəm

Enerji və bağlantı

Cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı keçirildi. Toplantıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edirdi. İlham Əliyev toplantı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edərək Azərbaycan Respublikası ilə Avropa dövlətləri arasındakı hərtərəfli əməkdaşlığa dair məsələlərə diqqət çəkmişdi. Avropa dövlətlərinin qazla təchizatı məsələsinə toxunan prezident bildirdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Əməkdaşlığın inkişaf dinamikasının qorunulduğunu qeyd edən İlham Əliyev vurğuladı ki, 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. Azərbaycanın təbii qazını alan Avropa ölkələrinin sayının artdığına diqqət çəkən prezident qeyd etdi ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə. İlham Əliyev Avropa qitəsində yeni tərəfdaş qazanan Azərbaycan Respublikasının Sloveniya ilə dövlətimiz arasındakı əməkdaşlığa da toxunaraq bildirdi ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. İndi Avropada interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq. Bunun da öz növbəsində Avropanın qaz təchizatındakı təhlükəsizliyini təmin edəcəyini vurğulayan İlham Əliyev bu sahədəki uğurlarımızı Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amil kimi qiymətləndirdi. Əbəs deyil ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırmışdır. Azərbaycanın strateji hədələrindən bəhs edən İlham Əliyev qeyd etdi ki, Azərbaycan Respublikası yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyini yerinə yetirmək üçün əlindən gələni etməyə çalışır. Azərbaycan Respublikasının Avropa qitəsinin həyatındakı rolunun əhəmiyyətinə diqqət çəkən İlham Əliyev bildirdi ki, yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir.

Avropanın bəzi aparıcı dövlətlərinin Azərbaycan Respublikasına qarşı ikili standartlar çərçivəsində münasibət sərgiləməsinə baxmayaraq bizimlə davamlı və sabit əməkdaşlıq üçün bütün lazımi amillər mövcuddur. Azərbaycanın lazımi resursları və infrastrukturu var, habelə daha da inkişaf etdirilir. Lakin erməni lobbisinin Avropa dövlətlərində apardığı antiazərbaycan kompaniyası əməkdaşlığımızın inkişaf dinamikasının sürətini azaldır. Ona görə də biz bu münasibətləri inkişaf etdirməklə paralel ermənilərin çirkin kompaniyalarına qarşı da mübarizə apararaq Avropa dövlətlərində Azərbaycan həqiqətlərini təbliğ eləməyə, ermənilərin gözünü kor qoyduğu Avropa dövlətlərinin gözlərini açmağa çalışır, onlarla sağlam münasibətlər qurmağa, hərtərəfli əməkdaşlığa nail olmağa çalışırıq. Bunun göstəricisidir ki, İlham Əliyev geniş auditoriyası olan belə toplantılarda şəxsən iştirak edir, bununla da, Azərbaycan Respublikasının dövlət maraqlarını hüquqi şəkildə müdafiə edir. Bu cür fəaliyyətin nəticəsidir ki, 20 il ərzində Azərbaycan Respublikası tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşuları ilə birlikdə onu istismara verdi, təbii ki, bu, bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan və layiqli davamçısı İlham Əliyev tərəfindən həyata keçirilən enerji siyasətinin tarixi nailiyyəti hesab edilir. Azərbaycanın nefti həssas nöqtələrə nəql olunur. İndi Azərbaycan neftini Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Əlamətdar statistika ondan ibarətdir ki, bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir.

Üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib. Bizim qaz kəmərimiz – Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Təchizatçı ölkəyə çevrilən Azərbaycan Respublikasının qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi – Cənub Qaz Dəhlizi istismara verildikdən sonra Azərbaycan dərhal Avropaya təchizata başladı. Bu cür dünya miqyaslı layihələr nəinki Azərbaycan Respublikasının gücünün təcəssümü, eyni zamanda Azərbaycanın enerji ehtiyatlarını həm dövlətin inkişafı, həm də onun ərazi bütövlüyünün təhlükəsizliyi, dövlət maraqlarının müdafiəsi istiqamətində silaha çevirən müdrik siyasətin göstəricisidir. Bu, İlham Əliyev siyasətinin fərqidir. Çünki tərəfdaşlarımızın sayının artması yalnız Azərbaycan Respublikasının gəlirlərinin artması deyil, onu siyasi meydanda dəstəkləyən ölkələrin də çoxalması deməkdir. Bu da özlüyündə ölkədə rifahın qorunub saxlanılması, erməni faktorunun neytrallaşdırılması, nəticədə də, təbii ki, sərhədlərimizin təhlükəsizliyinin təminatı kimi dəyərləndirilməlidir.

Əsgərova Şəlalə,
Xəzər rayonu, 241 saylı tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button