Enerji potensialı iqtisadi inkişafın əsas göstəricilərindən biri kimi
Əbu-Dabi Dayanıqlılıq Həftəsinin keçirilmə məqsədi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip – qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir.
2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir.
Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib. Bu zəngin potensialdan istifadə olunmasına artıq başlanılıb. Ötən ilin yanvarında 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, martda isə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli qoyuldu. “Qaradağ” Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin bu sahədə tanınmış “Masdar” şirkəti tərəfindən inşa edilir.
Prezident İlham Əliyevin yürütdüyü enerji siyasətinin əsas istiqamətlərindən biri də işğaldan azad olunan ərazilərin potensialının qiymətləndirilməsi və istifadə olunmasıdır. Yaxın aylarda Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Ötən il dekabrın 17-də Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması da bu istiqamətdə atılan mühüm addımlardan biri oldu. Bu layihə ilə Azərbaycanın bu sahədə qarşıya qoyduğu əsas hədəf ixrac həcminin genişləndirilməsidir. Beləliklə, bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir.
Prezident İlham Əliyev bu mühüm toplantıda iştirak etmək üçün onu dəvət etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təşəkkürünü bildirmişdi. Auditoriya qarşısında çıxış etməkdən böyük şərəf hissi duyduğunu qeyd etmişdi. Çıxışdan əvvəl keçirdiyi görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqləndiyini bildirən prezident fürsətdən istifadə edərək, bizi qəbul edən bütün tərəflərə minnətdarlığını bildirmişdi. Çıxışından bir hissə…
Mən çox böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və xalqını təbrik etmək istəyirəm. Cənab Prezident, Sizin rəhbərliyinizlə Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrilib. Biz – Sizin Azərbaycandakı qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik. Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.
Prezident İlham Əliyev onuda qeyd etdi ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurmuşuq və həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.Təbii qaz ixracımız artmaqdadır. Ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. O, artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq.
Potensialımıza gəldikdə isə , bəzi rəqəmləri diqqətətə çatdıran prezident artıq quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcud olduğunu qeyd etdi. Yəni, artıq 200 qiqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır və bütün bu layihələri mərhələli şəkildə icra etdiyimizi vurğuladı.
Müqavilə zamanı “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Prezident bildirdiki, bu hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir. Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. İlham Əliyev onuda qeyd etdiki, bu məqsəd üçün, artıq qeyd etdiyim kimi, bizə ixrac marşrutları lazımdır. Elə ötən ay – dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Lakin bu, kifayət etməyə bilər. Burada söhbət artıq razılaşdırılmış həcmlər barədə gedir. Lakin planlarımız daha genişdir.
İlham Əliyev Azərbaycanda investisiya mühitinin yüksək olduğunu vurğulayaraq neft və qaz sektoruna böyük sərmayələr cəlb etdiyimizi qeyd etdi. İndi isə hədəfimizin bərpaolunan enerji olduğunu, planlarımızın geniş əhatəli olduğunu və öhdəsindən ğəlmək üçün tutduğu yolun doğru yol olduğunu vurğuladı.
Ramazanova Mehriban,
Xəzər rayonu, 216 №li məktəbin müəllimi