Analitika

Əməkdaşlığın davamlı inkişafı

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tbilisidə işgüzar səfərdə oldu. Əvvəlcə Baş nazir İrakli Qaribaşvili bəyanatla çıxış edərək nümayəndə heyətimizi salamlayıb, Gürcüstana səfərə gəldiyinə görə təşəkkür edib. Ənənələrimizi davam etdirərək tez-tez səfərlərin keçirələcəyini söyləyib. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alıb. Bu il bizim ticarətimiz 15 faiz artmışdır. Ötən il rekord göstəricilərimiz olmuşdur. Yüklərin daşınması baxımından da həcm əhəmiyyətli dərəcədə artmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək Tbilisi şəhərinin  gözəl, füsunkar təbiətə malik guşəsində olmasından məmnun olduğunu söyləyib. Burada yaradılmış şərait də göz oxşayır. Gürcüstanın bütün ərazisi təbiət nöqteyi-nəzərindən çox gözəldir. Ən böyük gözəllik və ən böyük sərvət isə gürcü xalqıdır. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi.

Energetika sahəsində bu gün bizi birləşdirən ənənəvi sahələrdən başqa “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz yenə də Gürcüstan və Azərbaycan – iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Əminəm ki, ondan sonra biz konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.

Gürcüstanda gedən tərəqqi prosesinə də çox böyük maraqla baxıram və sevinirəm. Cənab Baş nazirin rəhbərliyi ilə Gürcüstan inamla inkişaf edir, Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın. Biz Gürcüstanın dostu kimi buna ürəkdən sevinirik.

Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək. Bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.

Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button