Elmə həsr olunmuş ömür
Azərbaycan tibb elmi və tibb təhsili sisteminin qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım kiçik yaşlarından tibb elminə böyük maraq göstərmişdir.
Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrətli qadınıdır.
Zərifə xanım Əliyevanın həyat və yaradıcılıq fəaliyyəti Azərbaycan Tibb Universisteti, Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutu. Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur.
Xeyirxahlığa, yüksək intellektinə, diqqət və qayğısına görə hər kəsin hörmət və məhəbbətini qazanmış bu insan, ilk növbədə böyük ziyalı, nurlu şəxsiyyət idi. Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxmışdır. O, Azərbaycan tibb elminin inkişafına böyük tövhə verən akademik olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafında xidmətləri zəngin və çoxşaxəlidir.
Bütün həyatını tibb elminə həsr edən Zərifə xanım Azərbaycanda gözü zədələyən və ağır nəticəyə səbəb olan traxoma infeksion xəstəliyinin müalicəsində böyük işlər görmüşdür. Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktiv tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. əhali arasında geniş söhbətlər aparır. Respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinin effektli müalicə üsullarını və profilaktika tədbirlərinin işləyib hazırlanmasında əvəzsiz rola malikdir. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanımın elmi fəaliyyətinin ilk mərhələsi traxoma infeksion xəstəliyinin müalicəsinə həsr olunub.
Zərifə xanım bir sıra dərs vəsaiti və monoqrafiyaların da müəllifidir. Onların arasında “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi” və digər əsərləri xüsusi yer tutur.
Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım hər kəs tərəfindən sevilir və xatirəsi ehtiramla yad edilir.
Cəbrayılova İradə,
Xəzər rayonu, 234 N-li tam orta məktəbin müəllimi