Türkiyəli nazir: 2029-2030-cu illərdə Zəngəzur dəhlizindən fəal istifadə edə biləcəyik

Zəngəzur dəhlizinin açılması Orta Dəhliz boyunca yük daşımalarının həcmini artıracaq.
“Aktualinfo.az” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz marşrutu artıq malların Çindən Böyük Britaniyaya 18 günə çatdırılmasına imkan verir ki, bu da dəniz yük daşımalarından xeyli qısadır.
“Yüklər Xəzər dənizi vasitəsilə Bakıya, daha sonra isə Tbilisiyə və Türkiyəyə daşınır. Zəngəzur dəhlizindən Orta Dəhlizin mühüm alternativ halqası kimi istifadə etməklə yükdaşıma potensialının əhəmiyyətli dərəcədə artırılması mümkün olacaq”, – deyə Türkiyənin nəqliyyat naziri bildirib.
Nazir Qarsdan Naxçıvan Muxtar Respublikası ilə sərhədə qədər 224 kilometrlik dəmir yolunun tikintisinə başlanmasına diqqət çəkib: “Naxçıvanla sərhədə qədər dəmir yolunun tikintisi təxminən dörd il çəkəcək. Yəni, bu o deməkdir ki, 2029-2030-cu illərdə biz Zəngəzur dəhlizindən fəal istifadə edə biləcəyik”.



