Ekoterrorizm hal-hazırda bütün dünya üçün real təhdiddir
Ekoloji terror konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair Rio-de-Caneyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edib.Ermənilər torpaqlarımıza və cəbhəyanı rayonların əhalisinə daha artıq zərər vurmaq üçün anbarın suyunu payızın sonu və qış aylarında buraxır, nəticədə torpaqlar su altında qalır, yollar dağılır, kənd təsərrüfatına böyük ziyan dəyir. Suya ehtiyac olan yaz-yay aylarında isə bəndin qarşısı kəsilir. Nəticədə əkin sahələri quruyur, yaşıllıqlar məhv olur, torpağın bioloji strukturu mənfiyə doğru dəyişir.Azərbaycan uzun illərdir ki, ekoloji terrora məruz qalan ölkələr sırasındadır. Ermənistanın son 30 ildə işğal altında saxladığı Azərbaycan torpaqlarında flora və faunaya qarşı həyata keçirilən cinayət əməllərini ekoterrorizm adlandırmaq olar. ermənilərin ekoloji terroru yalnız meşələrin, yaşıllıq ərazilərin yandırılması ilə bitmir. Eyni zamanda Ermənistan ərazisindən keçərək gələn, həmçinin Qarabağ və Şərqi Zəngəzurda yerləşən çayların çirkləndirilməsi, təbiətə vurulan digər ziyanlar da ekoterrorizmi açıq-aydın göstərir. Bu illər ərazində çirkləndirilmə nəticəsində çayların suyu yararsız hala düşüb. 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra ərazilərimizin bərpası istiqamətində sürətli işlərə başlanılıb. Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işləri həyata keçirilir. Eyni zamanda təbiətə vurulmuş ziyanın miqyası ölçülür, çayların çirklənmə səviyyəsi öyrənilir. İndiyədək aparılan təhlillərə görə, ən çox çirklənmə Oxçuçayda qeydə alınıb. Transsərhəd çay Ermənistan ərazisində daim çirklənməyə məruz qalıb. Belə ki, çayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında, Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib. Aparılan araşdırmalar zamanı Oxçuçayın çirklənmə səbəbinin Qafan və Qacaran dağ-mədən sənayesinin tullantı sularının təmizlənmədən birbaşa çaya axıdılması ilə bağlı olduğu müəyyənləşib. Çirklənmə səviyyəsi normadan dəfələrlə artıq olduğu üçün Oxçuçayın suyu yararsız hesab edilir. Çayın suyundan istifadə insan sağlamlığı üçün zərərlidir və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Çayın çirkliliyi onun biomüxtəlifliyinin məhvinə də gətirib çıxarır. Bunun nəticəsidir ki, müxtəlif vaxtlarda çayda balıqların kütləvi ölümünə də rast gəlinir. Təbii ki, çirklənmə yalnız Oxçuçayda deyil. İşğaldan azad olunmuş ərazilərin hər qarışında ekoloji terrorun izləri görünür.Ulu öndər Heydər Əliyev haqlı olaraq hesab edirdi ki, dünyanın harasında baş verməsindən asılı olmayaraq, təbiətə edilən qəsd əslində bütün bəşəriyyətin gələcəyinə, dünyanın ekoloji təhlükəsizliyinə vurulan zərbədir və buna qarşı bütün dünya birlikdə mübarizə aparmalıdır. Elə bu səbəbdən də ümummilli lider Heydər Əliyev başda region dövlətləri olmaqla bütün dünyanı Ermənistanın ekoloji cinayətlərinə qarşı birgə mübarizə aparmağa səsləyirdi.Ermənistanın ekoloji cinayətlərinin ifşası prosesi bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində qazanılan Zəfər nəticəsində azad edilən əzəli yurd yerlərimizdə törədilən ekoloji cinayətlər, təbiətə qarşı həyata keçirilən soyqırımı siyasəti dünya mediasının və beynəlxalq ictimaiyyətin mütəmadi şəkildə diqqətinə çatdırılır.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı