Ədalətə inanmaq lazımdır
Ədalət anlayışı ən qədim zamanlardan günümüzə qədər cəmiyyətin bütün təbəqələri üçün aktual olan mövzulardan biridir.Tarixi ədalətin bərpa edilməsi isə həm mənəvi,həm ideoloji,həm də siyasi baxımdan xüsusilə əhəmiyyət kəsb edir.
Tarixin müxtəlif dönəmlərində haqsızlığa məruz qalmış,ədalətsizliklərlə üzləşmiş,torpaqları ikiyə parçalanmış Azərbaycan xalqının son 30 ildə Qarabağ məsələsi ilə bağlı yaşadıqları da bir millətin üzləşə biləcəyi ən ağır sınaqlardan idi.Torpaqlarımızın 20 faizinin düşmən işğalı altında olması,beynəlxalq qurumların məsələlərə bəzən qərəzli,bəzən laqeyd münasibətləri xalqımızın və Ali Baş Komandanımız olan cənab prezidentimizin bir gün ədalətin bərqərar olacağına olan inamını və əzmini qıra bilmədi və nəhayət 2020-ci ilin sentyabrında 44 günlük Vətən Müharibəsində qazanılan Zəfər bu ədalətsizliyə son qoyulması ilə nəticələndi.
Ədalətin tam bərpa olunmasında son nöqtə isə şübhəsiz ki,müzəffər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə Silahlı Qüvvələrimiz tərəfindən 2023-cü ilin setyabr ayının 19-da başlayan və 23 saat davam edən lokal Antiterror əməliyyatındakı qələbə ilə qoyuldu.Bu uğurlu əməliyyatın nəticəsində Azərbaycan Respublikasının suverenliyi ölkənin bütün ərazisində tam bərpa olundu,dövlətimizin sərhədləri tamamilə nəzarətə götürüldü.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin yanvar ayının 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə də bu məsələyə bir daha toxunulmuş,əhəmiyyəti xüsusilə vurğulanmışdır.Jurnalistlərin Xankəndində və Xocalıda Azərbaycan bayrağının qaldırılması ilə əlaqədar verdiyi suala İlham Əliyev belə cavab vermişdi:-“Bilirsiniz, yəqin ki, Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bu kadrları görəndə hamımız eyni hissləri keçirmişik, o cümlədən mən də. Mənim hisslərim Azərbaycan vətəndaşlarının hisslərindən heç də fərqlənmirdi, qürur və sevinc hissi əlbəttə ki. Eyni zamanda, fikirləşirdim ki, ədalətə inanmaq lazımdır. Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Yəni, cəmiyyətin, sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Ona görə bu, o cümlədən bu nöqteyi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik.”
Ölkə prezidentinin bu sözləri haqq uğrunda mübarizənin,qələbəyə inamın,bu yolda ruhdan düşmədən,əzmlə çalışmağın,yeri gələndə səbr etməyi bacarıb doğru məqamda qətiyyətli addım atmağın bir dövlət başçısı,siyasi lider üçün nə qədər böyük bir üstünlük olduğunun parlaq nümunəsi, bir xalq üçün isə doğru seçim etməyin,əzmkarləğın,müdrikliyin,qüdrətin,cəsarətin ən gözəl göstəricisidir.
Abasova Şəhla Hüseyn qızı,
Bakı Slavyan Universiteti Diplomatiya və xarici siyasət kafedrasının müəllimi