Əbu-Dabi Dayanıqlılıq Həftəsində bərpa olunan enerji ehtiyatlarının əhəmiyyəti ilə əlaqədar
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanaqlılıq Həftəsi tədbirində iştirak edib. Dövlət başçısı açılış mərasimində çıxış edib. Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini planlayan platformadı. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip əsasında təqdim edir. Bunlar qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirilir. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir. Azərbaycan Respublikasının belə nüfuzlu tədbirə dəvət olunması prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək əhəmiyyətli beynəlxalq layihələrin təşəbbüskarına çevrilən dövlətimizin dünya miqyasında artan nüfuzunun əyani təsviridi. Zəngin neft-qaz yataqlarının olması Azərbaycanı Avropanın uğurlu tərəfdaşına çevirir. İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə tədbirlər uğurla davam etdirilir. Azərbaycanın bərpa olunan enerji ehtiyatı ölkəmizi dünyanın diqqət mərkəzinə çəkir.
Cənab prezident çıxışı zamanı Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan münasibətlərinin əhəmiyyətindən söz açıb. Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri hər iki dövlətin maraqlarını təmin edir. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyət daşıyır. Enerji ehtiyatlarının mövcud olması iqtisadi inkişafın əsas göstəricilərindən biridir. Enerji məsələsi Azərbaycan üçün təhlükə yaratmır. Çünki Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan öz enerji tələbatlarını təmin edir. O cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edən güclü dövlətdir.
Bərpaolunan enerji ilə bağlı dövlətimizin proqramı tamamilə fərqli gündəliyə malikdir. Birincisi, ölkəmizin nəhəng potensial var. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirməyi planlaşdırırıq. Meqa enerji layihəsi Azərbaycanın iştirak etdiyi uğurlu layihələrdən biridir. Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb. Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.
Təbii qaz ixracımız illər ötdükcə daha da artır. Bu ixrac 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Eyni zamanda bu bizim ali məqsədimizə xidmət edir. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi tədbirləri təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Bu məsələlərdə qarşılıqlı tərəfdaşılığa, əməkdaşlığa əsaslanan dayanıqlı inkişafın tərəfdarıyıq.
Dövlətimizin enerji potensialına nəzər salsaq, görərik ki, ölkəmizin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi bunu deməyə əsas verir. Həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır. Bu imkanları genişləndirmək vacib məsələdir. “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu qısamüddətli bir layihə olsa da bu istiqamətdə vacib rola malikdir.Qeyd etməliyik ki, ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir. Yeni layihələrdə iştirak etmək dövlətimizə yeni imkanlar vədd edir. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.
İxrac marşrutları təmin edilməsi bu məsələlərdə xüsusi rola malikdi. 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalaması uğurlu addımdır. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. O cümlədən Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir.
Azərbaycanda investisiya mühiti müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerji istiqamətindədir. İrəli sürülən bütün dövlət planları cənab prezidentin güclü dövlət dayaqları üçün böyük əhəmiyyət kəsb edir. Bu məsələdə sürətlə dəyişən dünyanın nəbzini tutmaq dövlət başçısının siyasətinin ana xəttini təşkil edir.
Ağabəyova Mənzər,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi