Əbədi və əzəli qardaşlıq
Azərbaycanla Türkiyənin sülhə və inkişafa xidmət edən strateji münasibətləri dünya dövlətləri üçün örnəkdir. Diqqətə çatdırılmalıdır ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Türkiyə müttəfiqliyi Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində daha da möhkəmlənib. Türkiyə-Azərbaycan qardaşlığı vahid güc mərkəzinə çevrilib Azərbaycan və Türkiyə qədər keçmişi və gələcəyi bir-birinə bağlı olan başqa bir dövlətlərarası münasibətə rast gəlmək mümkünsüzdür. İki qardaş dövləti eyni söykök, dil, din birliyindən də üstün tellər bağlayır.
Xalq Cümhuriyyətinin qurulmasında türk əsgərlərinin savaşı, Türkiyə Cümhuriyyətinin qurtuluş savaşında azərbaycanlıların canı və qanı ilə iştirakı dünya tarixində bənzəri olmayan hadisədir. Bu gün Azərbaycanla Türkiyənin əlaqələri yeni keyfiyyət halı almaqdadir Torpaqların işğaldan azad olması tərəflərin regional və qlobal əhəmiyyətli yeni layihələri həyata keçirməyə, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığı inkişaf etdirməyə əlavə imkanlar yaradır, yollar açır.
Fevralın 19-da İlham Əliyevin növbədənkənar prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini Ankaraya etməsi əlaqələrin səviyyəsinin göstəricisidir. Azərbaycan lideri İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini də açıqlayıblar. Liderlər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 15 milyard dollara çatdırılmasının vacib olduğunu bir daha bildirdilər. Bu həm də görüşdə iştirak edən nazirlərə tapşırıq idi ki, ticarət həcminin artırılması üçün zəruri tədbirlər görsünlər. Bundan başqa Ankaradakı görüşdə Naxçıvan üçün iki vacib layihənin–Qars-Naxçıvan dəmiryolunun və İqdır-Naxçıvan qaz boru xəttinin reallaşma mərhələsində olduğu xatırladıldı.
Görüş zamanı Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının sürətləndirilməsi vacibliyi vurğulandı. Fransa ilə münasibətlərimiz gərgin olduğu bir dövrdə Bakıda Fransa-Azərbaycan Universiteti fəaliyyət göstərdiyi halda paytaxtımızda qardaş və müttəfiq Türkiyə adına Universitetin yaradılması zəruridir.
İlham Əliyev Türk Dövlətləri Təşkilatının iyul ayında Şuşada keçiriləcək qeyri-rəsmi zirvə toplantısına Kuzey Kıbrısın da müşahidəçi qismində dəvət olunacağını bildirdi. Cənab Prezident türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Kuzey Kıbrısın türk ailəsində yer alması siyasətinə dəstəyini artırıb. Ancaq bu azdır, Mərkəzi Asiya ölkələrinin də Kıbrısa dəstəklərinin artırılmasına ehtıyac var. İlham Əliyevin Ankarada söylədiyi kimi, iki ölkə arasında müttəfiqlik keçmiş illərdə də mövcud olub, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə müttəfiqlik daha üst səviyyəyə çatıb. Bunu bölgədə müxtəlif maraqları olan dövlətlər də qəbul etmək məcburiyyətindədirlər. Həmin dövlətlər anlayırlar ki, Azərbaycana təhlükə yaradacaqları halda qarşılarında Türkiyəni də görəcəklər. Bu Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Günay Hacizadə,
Xəzər rayonu, 183 nomrəli məktəbin müəllimi