Düzgün siyasi gedişlər güclü dövlətin əsasıdır
Son 20 ilin tarixi göz qabağındadı. Əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Siyasi həqiqət ən güclü reallıqdır. Müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.Sabit inkişafın bünövrəsi düzgün daxili və xarici siyasətin bəhrəsidir. 1993-2003-cü illərin Hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.
Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi. Ədalətə inanmaq lazımdır. Bu bizi hər zaman qələbəyə aparmışdır. Sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu amil çox önəmlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Beynəlxalq aləmin əsas oyunçuları bizi ittiham etməyə, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Odur ki, biz ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir. Şəhidlərin qanı yerdə qalmadı. Xocalıda bayrağı qaldırandan sonra biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası və Zəfərimizin son nöqtəsi idi. Xalqımızın bütün təbəqələri öz işi ilə Qələbəni yaxınlaşdırırdılar. Qələbəyə hazırlıq ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Danışıqlar prosesinin öz strategiyası, öz taktikası var idi. Biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək.
8 noyabrda Üçtərəfli Bəyanatın qəbul edilməsi bizim böyük siyasi uğurumuzdur. Şuşa işğaldan azad olunmasaydı, lazım olan şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı məsələni nümunə gətirə bilərik.
Qarabağa qanunsuz silahların, sursatların, minaların və canlı qüvvənin daşınması və göndərilməsi artıq mümkünsüzdür. Ancaq buna baxmayaraq, biz humanitar gediş-gəlişə də heç bir əngəl törətməmişik. Ermənistan dövlətinin tör-töküntüləri və bəzi yerli separatçılar faktiki olaraq özləri-özlərini humanitar yardımdan məhrum etmişdir. 23 aprel hadisələri çox önəmli bir tarixdir. 23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik.
Qarabağın erməni əhalisi vahid Azərbaycan dövləti çərçivəsində rahat və təhlükəsiz yaşaya bilərlər. İkinci Qarabağ müharibəsi başa çatandan bir müddətdən sonra yerli ermənilərin bəziləri bizim nümayəndələrimizə çıxaraq təmaslar haqqında təkliflər vermişdilər. Biz də imtina etmədik. Yeni Laçın-Xankəndi yolu marşrutunun müəyyən edilməsi, çəkilməsi çox önəmli hadisə idi. 23 aprel hadisələrinin təməlini qoymuşdu. Çünki biz artıq yeni yol çəkərək Laçın şəhərini özümüzə qaytardıq. Avqustun əvvəlində artıq yol hazır olandan sonra biz Rusiya sülhməramlı qüvvələrinin komandanlığına xəbər göndərmişdik ki, biz avqustun 5-də artıq o yola çıxırıq. Laçını Azərbaycan nəzarətinə götürürük.
Azərbaycan bütün əraziləri və yaşayış məntəqələri özü bərpa edir. Zabux kəndində ermənilər tərəfindən tikilmiş bütün evləri biz sökdük, yerlə-yeksan etdik və Zabuxda indi yerləşən Azərbaycan vətəndaşları bizim tərəfimizdən tikilmiş evlərdə yaşayırlar. Qarabağda qanunsuz seçkilərin keçirilməsi razılaşmanın pozulması idi. Sentyabrın 9-da qanunsuz seçkilərin keçirilməsi qırmızı xətt idi. Birinci qırmızı xətt isə Ermənistanın baş naziri Paşinyanın sentyabrın 2-də separatist rejimə təbrik məktubunun göndərilməsi idi. Bu, həm qırmızı xəttin pozulması idi. Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Biz bütün nəzərdə tutduğumuz mövqelərə, kommunikasiyalara sahib olduq. Faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi. Xankəndidə təqribən 15 minə yaxın hərbçi xidmət göstərirdi. Onlar daha tez təslim oldular. Ondan sonra, sadəcə olaraq, bizim şərtlərimizi onlar müzakirə edirdilər. Ancaq biz hansı şərt qoymuşduqsa, o şərt də təmin edildi, o cümlədən separatist qurumun buraxılması və bütün digər şərtlər. Bizim məqsədimiz orada Ermənistan ordusunu məhv etmək yox, oradan Ermənistan ordusunun çıxarılması idi.
Qarabağ məsələsində biz tamamilə haqlıydıq. heç kim bizi bu haqdan məhrum edə bilməz. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, heç vaxt qarışmamışıq. Hətta Ermənistanın daxili işlərinə də heç vaxt qarışmırdıq. Hətta işğal dövründə onların daxili proseslərinə də qarışmırdıq. Bizə qarşı olan ədalətsizliklərin təməlində Qarabağ məsələsinin həll olunmaması dayanmışdır. Çünki daim bizi təzyiq altında saxlamaq, daim Azərbaycanı diktatura, avtokratiya, demokratiyanı əzən bir ölkə kimi göstərmək ki, bizim başımız buna qarışsın. Biz hər zaman haqlı olmağımızda tam əmin idik. Bizim niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr əlimizdə olmalı idi ki, biz ermənilərin planlarını gözümüzlə görək.
Əsas güc mənbəyi müzəffər xalqımızıdır. Gücümüz cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Bu Zəfəri şərtləndirən xalqın ruhu idi. Əsgəri qabağa göndərən də xalqın ruhu, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi