Dünyanın hər bir nöqtəsində sülhün və sabitliyin əsas zəmanəti kimi, Bakının ön plana çıxması olduqca əhəmiyyətlidir
Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və dini-mənəvi dəyərlərə dərin ehtiramın ifadəsinə çevrilən bir ölkə. Paytaxtımızda keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirəndə əmin oluruq ki, respublikamız dünyanın mədəni həyatının əsas mərkəzlərindən biridir. Eyni zamanda Azərbaycan regional lider kimi qlobal problemlərin həllində platforma rolunu oynayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin qlobal arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir. Xüsusi qeyd edilməlidir ki, Mədəniyyətlərarası Dialoq Forumu təkcə yeni dövrün problemlərindən doğan bir proses deyil. Məhz bu çərçivədə “Bakı Prosesi” 2008-ci ildən başlayaraq qeyd edilən məsələlər ətrafında fəallıq göstərir. Prezident İlham Əliyev tərəfindən əsası qoyulan və hər il mütəmadi şəkildə keçirilən forumlar, dialoqlar və tədbirlərdə dünyaya aydın mesajlar verilir. Məhz deyilənlərin fonunda sözügedən proses bizi birləşdirən dəyərlər, mədəni birlik, eyni zamanda kimliyimizə qayıdış kimi məfhumları daha çox qabardır. Dünyanın hər bir nöqtəsində sülhün və sabitliyin əsas zəmanəti kimi, Bakının ön plana çıxması olduqca əhəmiyyətlidir. Ölkəmizin mədəni və sivil həyatında mühüm rol oynayan tədbirlərin baş tutması, ölkə başçımızın diqqət və qayğısı əsasında əldə edilən beynəlxalq ictimaiyyətin müsbət rəyi nüfuzumuza müsbət təsir göstərir. Yüksək səviyyəli dövlət xadimlərinin, müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçıların olduğu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün olduqca önəmli platformadır. Məlumdur ki, Azərbaycan xalqı tarix boyu bəşəri cinayətlərə məruz qalmış, müxtəlif dövrlərdə əraziləri işğal olunmuşdur. Xüsusilə 30 ilə yaxın işğal dövründə ərazilərimizdən müxtəlif cinayətlər üçün istifadə edən, burada qanunsuz yaşayışa rəvac verən, ekoloji, ideoloji, milli və dini terrorizimi həyata keçirən Ermənistanın beynəlxalq hüquqazidd bu özbaşınalığına bəzi güc mərkəzləri göz yumublar. Məhz digər xalqların bu cür bəlalara dücar olmaması üçün ümid işığı olan Azərbaycan daim mədəniyyətlərarası dialoqu möhkəmləndirməyə xüsusi önəm verir. Yeri gəlmişkən qeyd edək ki, “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərləri də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı