
Azərbaycanın müasir dövlətçilik tarixində Heydər Əliyev siyasi kursu milli inkişafın, sabitliyin və tərəqqinin ideoloji-siyasi əsasını təşkil edir. Bu kursun mahiyyəti güclü dövlət quruculuğu, milli maraqların qorunması, balanslaşdırılmış xarici siyasət, iqtisadi müstəqillik və sosial rifahın təmin olunması kimi fundamental prinsiplərə söykənir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla və ardıcıl olaraq davam etdirilir.
2003-cü ildə Azərbaycan xalqının böyük etimadı ilə Prezident seçilən İlham Əliyev fəaliyyətinin ilk günlərindən bəyan etmişdir ki, onun əsas məqsədi Heydər Əliyev siyasi kursuna sadiq qalmaq, bu kursu daha da zənginləşdirmək və ölkəni yeni inkişaf mərhələsinə çıxarmaqdır. Ötən dövr göstərdi ki, bu vəd sadəcə siyasi bəyanat deyil, real və nəticəyönümlü fəaliyyət proqramı olmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkədə siyasi sabitlik daha da möhkəmləndirilmiş, güclü və səmərəli dövlət idarəçiliyi formalaşdırılmış, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ardıcıl addımlar atılmış, dövlət institutlarının fəaliyyəti müasirləşdirilmiş, idarəetmədə çeviklik və şəffaflıq artırılmış, kadr siyasətində peşəkarlıq, dövlətə sədaqət və milli maraqlara xidmət əsas meyar kimi müəyyən olunmuşdur.
İqtisadi sahədə əldə olunan nailiyyətlər Prezident İlham Əliyevin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu neft strategiyası yeni mərhələyə yüksəldilmiş, Azərbaycanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyi möhkəmləndirilmişdir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli layihələr ölkəmizin iqtisadi və geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artırmış, bununla yanaşı, qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritetinə çevrilmiş, sənayeləşmə, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində genişmiqyaslı islahatlar həyata keçirilmişdir.
Prezident İlham Əliyevin sosial siyasəti Ümummilli lider Heydər Əliyev ideyalarının ən parlaq təzahürlərindən biridir. Əhalinin rifahının yüksəldilməsi, sosial ədalətin təmin olunması, aztəminatlı ailələrin, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Minimum əməkhaqqı və pensiyaların, sosial müavinətlərin mütəmadi artırılması, yeni iş yerlərinin yaradılması dövlətin sosial məsuliyyətinin bariz nümunəsidir.
Təhsil, elm, mədəniyyət və səhiyyə sahələrində həyata keçirilən islahatlar da Prezident İlham Əliyevin strateji baxışını əks etdirir. Minlərlə yeni məktəb və xəstəxana tikilib istifadəyə verilmiş, gənclərin xaricdə təhsili proqramları reallaşdırılmış, milli-mənəvi dəyərlərin qorunması və təbliği dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycanın mədəni irsi beynəlxalq miqyasda tanıdılmış, multikulturalizm və tolerantlıq modeli dünya üçün nümunə kimi təqdim olunmuşdur.
Prezident İlham Əliyevin fəaliyyətində xarici siyasət xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət xətti uğurla davam etdirilərək Azərbaycanın beynəlxalq arenadakı nüfuzu daha da gücləndirilmişdir. Azərbaycan regionda və dünyada etibarlı tərəfdaş kimi qəbul olunur, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənir, ölkəmizin mövqeyi qlobal məsələlərdə getdikcə daha qabarıq şəkildə ifadə olunur. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın təşəbbüsləri beynəlxalq həmrəylik və ədalət prinsiplərinin müdafiəsində mühüm rol oynamışdır.
Prezident İlham Əliyevin adının tarixə qızıl hərflərlə yazılmasına səbəb olan ən mühüm hadisə isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqları azad etdi. Bu tarixi Zəfər Ulu Öndər Heydər Əliyevin “Qarabağ Azərbaycandır!” ideyasının real və qəti təcəssümü oldu. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə ölkənin suverenliyi tam təmin edildi, Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etdi.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Prezident İlham Əliyevin uzaqgörən siyasətinin davamıdır. “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Qarabağ və Şərqi Zəngəzur bu gün Azərbaycanın inkişaf strategiyasının əsas mərkəzlərindən birinə çevrilir.
Bütün bu faktlar göstərir ki, Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun sadəcə davamçısı deyil, bu kursu yeni tarixi mərhələnin tələblərinə uyğun olaraq zənginləşdirən, onu konkret nəticələrlə möhkəmləndirən liderdir. Onun rəhbərliyi altında Azərbaycan güclü, müstəqil, suveren və qalib dövlətə çevrilmişdir. Bu gün ölkəmiz öz taleyinə özü qərar verən, milli maraqlarını qətiyyətlə müdafiə edən və gələcəyə inamla baxan bir dövlətdir.
Ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan dövlətçiliyinin sarsılmazlığını, xalq–iqtidar birliyinin gücünü və milli inkişaf yolunun düzgün seçildiyini bir daha sübut edir. Bu siyasi xətt Azərbaycanın bugünkü uğurlarının və gələcək inkişafının əsas təminatıdır.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



