Analitika

Dünya siyasi arenasında öz sözünü əməli ilə təsdiqləmiş Lider

Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir.

Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985). 1991-ci ildən Moskvada “Oriyent” şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

İlham Əliyev bir çox ölkələrin fəxri ordenləri ilə təltif edilib, bir sıra dünya şöhrətli universitetlərin fəxri doktorudur. Dünya idman ictimaiyyəti arasında böyük nüfuzu olan Azərbaycan Prezidenti bir çox beynəlxalq idman təşkilatlarının mükafatlarına layiq görülüb.

Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Yaxşı xatırlayırıq ki, İlham Əliyev ilk dəfə prezident seçiləndə ölkədə 600 min yeni iş yerinin yaradılacağını vəd etmişdi. Onda bu rəqəm bəzilərinə xəyal kimi görünürdü. İllər keçdi xəyal hesab edilənlər reallığa çevrildi. Ötən illər ərzində Azərbaycanda 1 milyon 900 min yeni iş yeri yaradıldı. Bu və digər addımların nəticəsi olaraq yoxsulluq 50 faizdən 5 faizə düşdü. Maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırıldı.

Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Prezident İlham Əliyevin daxili və xarici siyasəti Heydər Əliyevin siyasi kursunun davamı, özünəməxsus novatorluqla, dinamizmlə inkişafının və zənginləşdirilməsinin nümunəsidir. Daxili siyasətdə bu, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilini, yoxsulluğun aradan qaldırılması üçün səmərəli tədbirlərin görülməsini, yeni iş yerlərinin açılmasını, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramlarının hazırlanmasını, sahibkarlığa dövlət qayğısının artırılmasını, ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunmasını və digər məsələləri nəzərdə tutur. Bu gün bütün bu sadalanan istiqamətlər üzrə ölkəmizdə mühüm nailiyyətlər əldə olunur.

Prezident İlham Əliyev daxili siyasətdə olduğu kimi, xarici siyasət sahəsində də düşünülmüş və xalqın maraqlarını nəzərə alan səmərəli fəaliyyət həyata keçirir. Dövlət başçısının xarici siyasətdə ulu öndər tərəfindən müəyyənləşdirilmiş strategiya və dəyişməz prioritetlərə sadiqlik nümayiş etdirməsi dünya dövlətlərinin Azərbaycana inamını, etimadını gücləndirir, onun milli təhlükəsizliyinə beynəlxalq təminatı daha da artırır. Bu gün respublikamızın istər Rusiya, istər ABŞ, istər Avropa, istərsə də müsəlman dövlətləri ilə münasibətləri dinamik inkişaf edir və hansısa tərəfdən mənfi reaksiya doğurmur. Odur ki, xarici siyasət, eləcə də qlobal iqtisadi layihələrin reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın milli təhlükəsizliyinə beynəlxalq təminatı daha da gücləndirir.

Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərən İlham Əliyev daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, ölkənin bütün bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir. Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilir

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Vətən müharibəsi dövründə dövlət başçısı informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi. Prezident İlham Əliyev istər xalqa müraciəti, istər tviter paylaşımları, istərsə də bu müddətdə verdiyi 30-a yaxın müsahibəsi ilə bütün dünyada Azərbaycanın haqq carçısına çevrildi, ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Dünyada ən sürətli templərlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 4,1 dəfə çoxaldı.

“Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”,–deyən Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılması üçün aparılan islahatlar çərçivəsində innovativ addım atdı–Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaratdı.

Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan bu sahədə əsas oyunçulardan birinə çevrilib. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas alıb.

Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu, artıq bütün dünyada qəbul edilir. Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.. Milli mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu təsdiqləyir.

Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Onu qeyd etməyi lazım bilirik ki, təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində birinci yerlərdən də yox, elə, birinci yerdə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir. O konsepsiyanın tərkib hissəsində təhsilin bütün pillələri əks olunur və onu əlavə edək ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ali təhsilin inkişafı əsas prioritetə çevrilmiş, insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir.

Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir: Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.

Səfərova Ülviyyə,
Xəzər rayonu, 256 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button