
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli kimliyinin, tarixi yaddaşının, mənəvi birliyinin və ümumdünya həmrəyliyinin rəmzi kimi müstəsna əhəmiyyətə malikdir. Hər il 31 dekabr tarixində qeyd olunan bu əlamətdar gün bütün dünyada yaşayan azərbaycanlıların milli birliyini, həmrəyliyini və Azərbaycan dövlətinə bağlılıqlarını ifadə edən rəsmi bayramdır.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
31 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı
təsis edilib, milli dəyərlərə hörməti və diasporun Azərbaycanın maraqları üçün fəaliyyətini simvolizə edir, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını eyni amal, eyni məqsəd və eyni dəyərlər ətrafında birləşdirir. Bu bayram təkcə təqvimdə qeyd olunan gün deyil, eyni zamanda milli şüurun, vətənpərvərliyin və dövlətçilik düşüncəsinin təntənəsidir.
Həmrəylik ideyasının tarixi kökləri
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası XX əsrin sonlarında, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin gücləndiyi bir dövrdə qoyulmuşdur. 1989-cu ilin dekabrında Araz çayı boyunca baş verən hadisələr, sərhədlərin süni şəkildə ayırdığı azərbaycanlıların birliyə can atması milli oyanışın parlaq təzahürü idi. Məhz bu tarixi hadisələr milli həmrəyliyin ideoloji əsaslarını formalaşdırdı və azərbaycançılıq məfkurəsini daha da gücləndirdi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsi bu ideyanın dövlət səviyyəsinə yüksəldilməsinin bariz nümunəsidir. Bu qərar milli birlik ideyasının davamlı və sistemli şəkildə inkişafına güclü təkan verdi.
Milli birlik və bərabərlik Azərbaycanın gücünün, davamlı inkişafının və beynəlxalq nüfuzunun əsas amillərindən biridir. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın dilinə, mədəniyyətinə, adət-ənənələrinə bağlılığı onların milli kimliyini qorumasına şərait yaradır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu birliyi möhkəmləndirən mənəvi körpü rolunu oynayır.
Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti dünya azərbaycanlılarının vahid mövqedən çıxış etməsini, milli maraqlarımızın beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiə olunmasını təmin edir. Xaricdə yaşayan azərbaycanlılar bu gün artıq güclü təşkilatlanma, koordinasiya və ictimai fəallıq nümayiş etdirərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar.
Bərabərlik və həmrəylik –azərbaycançılıq ideologiyasının təməlidir. Azərbaycançılıq ideologiyası dilindən, dinindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıları eyni milli kimlik altında birləşdirir. Bu ideologiya milli bərabərlik, qarşılıqlı hörmət və vətəndaş həmrəyliyi prinsiplərinə əsaslanır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu dəyərlərin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Xüsusilə gənc nəslin milli şüur ruhunda tərbiyə olunması, onların diaspor fəaliyyətində fəal iştirakı həmrəyliyin davamlılığını təmin edən əsas amillərdəndir. Milli birlik yalnız keçmişin mirası deyil, həm də gələcəyin strateji hədəfidir.
Zəfər ruhu və qlobal həmrəylik
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər dünya azərbaycanlılarının birliyinin real nəticəsini nümayiş etdirdi. Müharibə dövründə xaricdə yaşayan soydaşlarımızın informasiya mübarizəsində göstərdiyi həmrəylik milli birlik anlayışını daha da möhkəmləndirdi. Bu Zəfər sübut etdi ki, güclü dövlət güclü diaspor, güclü diaspor isə sarsılmaz milli birlik deməkdir.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq təkcə emosional bağlılıq deyil, həm də siyasi, mədəni və ictimai baxımdan strateji əhəmiyyət daşıyan bir platformaya çevrilmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin və bərabərliyin əsl simvolu olaraq xalqımızın tarixi yaddaşında və mənəvi dünyasında xüsusi yer tutur. Bu gün azərbaycanlı olmağın qürurunu, Vətənə bağlılığın müqəddəsliyini və milli maraqlar ətrafında sıx birləşməyin vacibliyini bir daha nümayiş etdirir.
Hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq, ürəyi Azərbaycanla döyünürsə, o, bu böyük həmrəyliyin ayrılmaz parçasıdır. Məhz bu birlik və bərabərlik sayəsində Azərbaycan bu gün güclü, sabit və qalib dövlətdir və gələcəyə inamla addımlayır.
Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini



