Dövlətlərarası münasibətlərdə etimad mühiti mühüm şərtdir
Hazırkı dövrdə dünya siyasətində dəyişikliklərin baş verdiyi, bəzən ədalətə, bəzən də ikili standartlara əsaslanan yanaşmaların müşahidə olunduğu bir dövrdə Azərbaycanın müstəqil siyasəti yürütməsi, dəyişməz mövqeyindən bir addım da belə geri çəkilməməsi diqqəti daha çox cəlb edir. Bu gün, daha dəqiq desək, tarixi Zəfərimizdən sonra regionda və dünyada baş verən hadisələri təhlil etdikdə görürük ki, 30 illik işğal dövrünün ədalətsizliyinin, hadisələrə biganə yanaşmaların yerini, müəyyən mənada ədalətli mühit tutmaqdadı. Ədalət və beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu təsdiqləyən, dünyaya dövlətlərarası münasibətlərdə etimad mühitinin mövcudluğunun əsas rol oynadığına çağırışlar edən məhz Azərbaycan oldu. Ermənistan kimi müstəqilliyi formal xarakter daşıyan, bu və ya digər dövlətin əlində oyuncağa çevrilən ölkə bu məfhumlar heç zaman önəmli ola bilməz.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin IX Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bununla bağlı məqamlar öz əksini tapmışdı.
“Vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin”, – deyə Azərbaycan prezidenti İlham Əliyev Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib və əlavə edib ki, “Qarabağda ermənilərin həyatı işğal dövründən daha yaxşı olacaq”.
Həmçinin çıxışda Azərbaycanın sabit, dayanıqlı və inkişaf etmiş region yaratmaq istəyi, Qarabağ münaqişəsinin həllinin buna unikal imkan yaratması haqqında məqamlara toxunulması, o cümlədən, ATƏT-in Minsk Qrupu haqqında qəti fikirlər də IX Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq aləmin diqqət mərkəzində oldu.
X Qlobal Bakı Forumunda üç gün ərzində dünya gündəmində olan mühüm problemlərin tədqiqi və həlli ilə bağlı müzakirə və fikir mübadiləsi dünyanın yeni çağırışlarına öz töhfəsini verəcək. Bəli, dünya xəritəsində kiçik bir nöqtə kimi görünən Azərbaycan bu gün sülhün, ədalətin, əməkdaşlığın bərqərar olması üçün beynəlxalq mesajların verildiyi mühüm məkana çevrilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan dünyanın və beynəlxalq aləmin bir parçası kimi bəşəri dəyərlər naminə üzərinə düşən məsuliyyəti böyük uğur və müvəffəqiyyətlə yerinə yetirir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı