Dövlətçilik tariximizin ən mühüm hadisəsi
Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən hər zaman yüksək səviyyədə gəlib. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq, hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də ümummilli liderimiz Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.
1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə idi. Eyni zamanda müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun ilk pilləsi idi. Bu tarixdə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük uzaqgörənliklə söylədiyi “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir” sözlərinin təsdiqini ölkəmizin ən yeni tarixində baş vermiş siyasi proseslərin timsalında bir daha aydın şəkildə gördük. Çünki Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etsə də, 1993-cü ilin iyun ayının ortalarınadək ölkədəki mövcud vəziyyət bu müstəqilliyin sütunlarının kövrək olduğunu göstərirdi.
Müxtəlif yollarla hakimiyyətə gəlmiş naşı və bacarıqsız qüvvələrin fəaliyyətsizliyi ölkədə özbaşınalığın artmasına, daxili sabitliyin pozulmasına və torpaqlarımızın işğalına səbəb olmuşdu. Xalq anlayırdı ki, ölkəni düşdüyü bu bəlalardan yalnız Heydər Əliyev dühası xilas edə bilər. “Mən həmişə xalqla bir olmuşam, xalqın taleyini öz taleyim bilmişəm. Həyatımı xalqın xoşbəxtliyinə həsr etmişəm və son nəfəsimədək bu yolda mübarizə aparacağam”, – deyən ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında Bakıya qayıdışı Azərbaycanın xilası, qurtuluşu kimi tarixə qızıl hərflərlə yazılıb. İndi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq, hər kəs etiraf edir ki, əgər bu qayıdış baş verməsəydi, ümumiyyətlə, Azərbaycanın bir dövlət kimi mövcudluğundan söhbət gedə bilməzdi.
Azərbaycan 1969-cu ildə Ulu Öndər tərəfindən əsası qoyulan inkişaf və tərəqqi yoluna qayıtdı. Görkəmli dövlət xadiminin həyata keçirdiyi sosial-iqtisadi və siyasi tədbirlərin nəticəsi kimi ölkəmizin milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın işğalının qarşısı alındı, digər tərəfdən, atəşkəs əldə edildi, Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. Yaradılmış sabitliyin nəticəsində qısa müddətdə beynəlxalq aləmdə Azərbaycana münasibət müsbət istiqamətdə xeyli dəyişdi.
Beynəlxalq etimadın, inamın nəticəsi olaraq 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanıb. Bununla da ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsi olan neft strategiyasının əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında qeyd etmişdir: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.
Günay Hacızadə,
Xəzər rayonu, 183 №li tam orta məktəbin müəllimi