Analitika

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı xüsusi yer tutub. Ümummilli Lider bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Dahi şəxsiyyət respublika rəhbərliyinə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərə mühüm yer ayırdı və onların himayədarı kimi çıxış etdi.Və bu qayğının nəticəsidir ki 44 günlük Vətən müharibəsində gəncər tarixə öz adlarını qızıl hərflərlə yazdılar.Bütün dünya Azərbaycan gəncinin qəhrəmanlığı ilə tanış oldu.

Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha nümayiş edildi. Bu ordunun əsasnını isə gənclər təşkil edirdi. 44 günlük İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şahidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

44 günlük İkinci Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz dünya səs saldı. Mübaliğəsiz deyə bilərik ki, müzəffər ordumuzun əfsanəvi qəhrəmanlığı və modern döyüş bacarığını nümayiş etdirməsi bütün dünyada heyrətlə qarşılandı. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpağımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin böyük əksəriyyəti 2003-cü ildə uşaq olan insanlar idi. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Gənclər bükülmüş belimizi dikəltdilər, mənfur düşmənin saxta mifini heç etdilər. Belə vətənpərvər, qəhrəman və professional gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır! İnanırıq ki, vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpa edilməsində və çiçəkləndirilməsində də, burada müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəklər!

Azərbaycan gənclər ölkəsidir. Ölkə əhalisinin 60 faizdən çoxunu gənclər təşkil edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda gənclərin qarşısında dayanan vəzifələr daha qabarıq şəkildə özünü büruzə verir. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissinə çevrilməsi də onlara olan etimaddan irəli gəlir. Gənclər Azərbaycanın gələcəyi kimi dəyərləndirilir. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında Gənclərin I Forumunun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Gənclər onlara göstərilən etimadı fəaliyyətləri ilə doğrultmağa səy göstərirlər. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edilib.

Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Sevindirici haldır ki, gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar. Belə ki, bütün dünyanı cənginə alan və ölkəmizdə də ciddi mübarizənin aparıldığı koronavirus pandemiyasına qarşı Azərbaycan gəncləri də fəal şəkildə səfərbər olunublar. Belə ki, gənclərimiz pandemiya ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif sosial təşəbbüslər, kampaniyalar, tədbirlər təşkil edir, aztəminatlı, köməksiz ailələrə yardımların göstərilməsində iştirak edir, bu mübarizəyə öz töhfələrini verirlər.

Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Həsənova Kəklik,
Xəzər rayonu, 121№-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button