AnalitikaGündəmSiyasət

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu

Müasir dövrdə gənclik hər bir dövlətin sosial, siyasi və iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi hesab olunur. Xüsusilə sürətlə dəyişən qlobal proseslər fonunda gənclərin bilik, bacarıq və təşəbbüskarlığı ölkələrin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən mühüm amilə çevrilib. Azərbaycan cəmiyyətində gənclik artıq yalnız gələcəyin ümidləri deyil, bu günün real sosial və siyasi proseslərinin fəal iştirakçısıdır. Qloballaşan dünyada milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və cəmiyyətin intellektual potensialının artırılması məhz gənclərin üzərinə düşən əsas vəzifələrdəndir.

Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən isə bu siyasət müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilmişdir. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu, dövlət proqramları və strateji yol xəritələri gənclərin cəmiyyətə inteqrasiyasını, onların intellektual və sosial potensialının reallaşdırılmasını hədəfləyir. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, həmin tarix Azərbaycan Gəncləri Günü kimi təsis edilmişdir.

Gənc nəslə göstərilən diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ulu Öndər Azərbaycanı gənclər ölkəsi, gəncləri isə dövlətin gələcəyi kimi dəyərləndirərək, onların intellektual, sosial və mənəvi inkişafına xüsusi önəm vermişdir. Məhz 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı məsələlər dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, bu sahədə sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Azərbaycan gəncliyi ictimai-siyasi proseslərdə getdikcə daha fəal iştirak edir. Seçkilərdə iştirak, ictimai təşkilatlarda təmsilçilik, könüllülük fəaliyyəti və sosial təşəbbüslər gənclərin vətəndaş mövqeyinin formalaşmasına xidmət edir. Xüsusilə Vətən müharibəsi dövründə gənclərin göstərdiyi fədakarlıq və birlik nümayişi onların dövlətçilik düşüncəsinə sədaqətini açıq şəkildə ortaya qoydu. Bu amil gəncliyin yalnız gələcəyin deyil, həm də bu günün məsuliyyətini daşıdığını sübut edir.

Təhsil sahəsində aparılan islahatlar gənclərin rəqabətqabiliyyətli kadr kimi yetişdirilməsinə şərait yaradır. Gənclərin əmək bazarına inteqrasiyası, startap və innovasiya layihələrində iştirakı ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. Son illərdə gənclər arasında sahibkarlıq fəaliyyətinə marağın artması iqtisadi müstəqilliyin və sosial sabitliyin gücləndirilməsinə xidmət edir.

Rəqəmsallaşma və sosial şəbəkələrin təsiri gənclər üçün yeni imkanlarla yanaşı, müəyyən risklər də yaradır. Məşğulluq problemləri, informasiya manipulyasiyası və dəyər böhranı kimi çağırışlar gənclər siyasətinin daim yenilənməsini zəruri edir. Bu problemlərin həlli dövlət, cəmiyyət və gənclər arasında qarşılıqlı əməkdaşlıq tələb edir.

Ümumilikdə, Azərbaycan gəncliyi dövlət və cəmiyyətin inkişafında mühüm və əvəzolunmaz rola malikdir. Onların bilik və enerjisi ölkənin gələcəyinin əsas təminatıdır. Güclü dövlət, sağlam cəmiyyət və davamlı inkişaf məhz fəal, vətənpərvər və məsuliyyətli gəncliyin üzərində qurulur.

Quliyeva Fatimə,
Bakı Slavyan Universitetinin Sosial Elmlər və Regionşünaslıq fakültəsinin Jurnalistika ixtisası üzrə 4cü kurs tələbəsi  

Oxşar Xəbərlər

Back to top button