Analitika

Dövlət suverenliyimizin bərpa olunduğu 2023-cü il Azərbaycan xalqının yaddaşında əbədi qalacaq

“2023-cü ildə Azərbaycan dövlətinin və xalqının həyatında bir çox önəmli hadisələr baş verdi. Bu hadisələrdən ən önəmlisi isə Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulması, birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsi, üçrəngli bayrağımızın Xankəndidə də, Xocalıda da ucaldılması və separatizmin kökünün kəsilməsi oldu. Bu mənada dövlət suverenliyimizin bərpa olunduğu 2023-cü il Azərbaycan xalqının yaddaşında əbədi qalacaq”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı, eləcə də dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar: “Onu da əlavə edək ki, bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilib. Bərpa olunan şəhərlərə və kəndlərə 2023-cü ildə 5 minə qədər keçmiş köçkün qayıdıb. Artıq onlar da bayram günlərini doğma yurdlarında, evlərində qeyd edirlər. Sevindirici hal ondan ibarətdir ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Xüsusilə də, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”.

“2023-cü  il həm də yaddaşlarda “Heydər Əliyev İli” kimi də qalacaq” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırılmış dövlət bayrağı, həmçinin Xankəndinin mərkəzi meydanında keçirilmiş Zəfər paradı Ulu Öndər Heydər Əliyevin xatirəsinə ən böyük hörmətin əlaməti idi. Bütün deyilənləri nəzərə alaraq bir daha deyə bilərik ki, 2023-cü il Azərbaycan dövləti və xalqı üçün çox uğurlu oldu və tarixə qızıl hərflərlə yazıldı.

Oxşar Xəbərlər

Back to top button