Dövlət başçısının cəmiyyətimizə və dünyaya mesajı…
Prezident Ilham Əliyevin yerli və xarici KİV nümayəndələrinə verdiyi müsahibələrdə Azərbaycan reallıqlarını beynəlxalq aləmin diqqətinə çatdırmış olur. Əlbəttə ki, Cənab Prezidentin hər bir cümləsi cəmiyyətimizə, dünyaya bir mesajdır.
Azərbaycanın bugünkü yüksəlişə və inkişafa nail olması Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşıb. Dəyişən qlobal və regional reallıqlar şəraitində bütün sahələr üzrə sistemli genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanı sürətlə inkişaf edən dövlətə çevirib. Böyük uğurlar qazanan Azərbaycan iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artıraraq, yeni reallıqlar fonunda daha möhtəşəm gələcəyə doğru addımlayır.
Dövlət başçımız İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı mühüm məqamlara, o cümlədən Azərbaycanın inkişaf istiqamətləri, regional proseslər, perspektivdə olan yeni layihələr, dünyadakı ikili standartlar, Ermənistanla münasibətlər və sair mövzulara dair fikirlərini müxtəlif sərlövhələrlə təqdim edib.
İlham Əliyevin Azərbaycanın milli müdafiə sənayesini müasir dövrün standartlarına yüksəltməkdə qərarı qətidir. Eyni zamanda, Ermənistana və onun havadarlarına da mühüm mesajlar ötürüb.Ekofəalların və QHT nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası, Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılması, sərhədlərin delimitasiyasının vacibliyi, Zəngəzur dəhlizinin əhəmiyyəti və digər məsələlər barədə fikirlərini əkselətdirib.
İlham Əliyev Azərbaycanın bu il Avropa İttifaqına 12 milyard kubmetr qaz tədarükünə dair hələ aylar əvvəl əldə edilmiş razılığı bir daha diqqətə çatdırıb. Vurğulayıb ki, 2023-cü ildə Azərbaycan ümumilikdə 24 milyard kubmetr qaz ixrac edəcək və onun yarısını Avropaya göndərəcək. Xatırladılıb ki, indiyədək bu göstərici illik 8,1 milyard kubmetr idi.
Həmçinin Avropaya qaz nəqlinə dair siyasi razılaşmalara da toxunub. Qeyd edib ki, ötən ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula Fon derLyayen tərəfindən qaz nəqlinə dair Anlaşma Memorandumu imzalanıb. 2027-ci ildən etibarən qaz nəqlinin həcmi daha da artaraq illik azı 20 milyard kubmetrə çatmalıdır.
Ötən il ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar, o cümlədən Avropanın enerji təminatında artan rolu, bu istiqamətdə imzalanmış yeni sənədlərin əhəmiyyəti, həmçinin regionda baş verən proseslər, Azərbaycanın nüfuzunun artmasına mühüm təsir göstərəcək yeni layihələr barədə fikirlərini bildirib.
Prezident İlham Əliyev Azərbaycan Ordusunun qüdrətini daha da artırması, ölkəmizin müdafiə sənayesini inkişaf etdirməsi barədə fikirlərinə də geniş toxunub. Qeyd edib ki, Ermənistana verilən heç bir müasir silah Azərbaycan Ordusunun qüdrəti qarşısında davam gətirə bilməz.
Eyni zamanda, dövlət başçısı Qərbi azərbaycanlıların hüquqları mövzusunun haqlı olaraq beynəlxalq arenaya çıxarılması barədə fikirlərini də Ictimaiyyətin diqqətinə çatdırıb.
Cənab Prezident müsahibə zamanı bütün sahələr üzrə görülən və görüləcək işləri geniş və əhatəli, əsaslandırılmış şəkildə ifadə etməklə ölkəmizin reallıqlarını bir daha ortaya qoymuş oldu.
Bugün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmələri ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir.
Əliyeva Gülşən,
Xəzər rayonu, 334 saylı məktəbin müəllimi