GündəmAnalitikaSiyasət

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Bildiyimiz kimi, Ölkə başçısı cənab İlham Əliyev yanvarın 5-də yerli media nümayəndələrinə genişmiqyaslı müsahibə vermişdir. Bu müsahibə mühüm siyasi platforma rolunu oynayır. Müsahibəsində bir sıra dünya əhəmiyyətli məsələlərə toxunan Prezidentimiz qeyd etmişdir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. – Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz, bu birincisi. İkincisi, həmişə çalışmışam və bu gün də çalışıram populizmdən uzaq olum və mümkün olmayan vədləri verməyim. Mümkün olan inkişafla bağlı Azərbaycan ictimaiyyətini müntəzəm olaraq məlumatlandırıram. Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Yəni biz iqtisadi islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Yəni biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur. Yəni bu, niyyətimizi əyani şəkildə göstərir və bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır. Yəni vaxtilə bu sahədə olan pozuntular aradan qaldırılır, ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizm tətbiq olunur. Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir deyə Cənab İlham Əliyev müsahibəsində vurğulamışdır.

Əhalinin məşğulluğunun təminatı da Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bunun nəticəsi olaraq ölkədə çoxsaylı yeni iş yerləri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi də ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramlarından biri də “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramıdır. Həmin proqram çərçivəsində 2025-ci ildə 468 işəgötürənlə əməkdaşlıq əsasında daha 1763 şəxs işlə təmin olunub. 2021-ci ildə icrasına başlanan birgə maliyyələşmə proqramı üzrə məşğulluğu təmin olunmuş şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilib. Ümumilikdə həmin proqram çərçivəsində 4 min 800-ə yaxın şəxs işlə təmin edilib. Dövlət başçısının sözlərinə görə, bu günə qədər 100 mindən çox insan özünüməşğulluq proqramı ilə əhatə olunub.

Bir gənc politoloq kimi deyə bilərəm ki, Prezident İlham Əliyevin sosialyönümlü siyasəti Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində məqsədyönlü addımların atılacağına təminat verir. Məhz bu təminat Azərbaycanı daha da gücləndirir, vətəndaşların dövlətə və onun rəhbərinə inamını artırır.

Mustafa Məmmədzadə,
Xəzər rayonunun gənc fəalı

Oxşar Xəbərlər

Back to top button