Dostluğa sadiq Özbəkistan
Azərbaycan və özbək xalqları bir-biri ilə ictimai-siyasi, mənəvi və dini tellərlə möhkəm bağlıdırlar. Tarixi, dili, dini, mədəniyyəti, adət-ənənələri eyni çeşmədən qaynaqlanan Azərbaycan və Özbəkistan bütün dövrlərdə məhz bu prinsipləri əsas götürərək aralarındakı münasibətləri daim inkişaf etdirmişlər.
Özbəkistan strateji məhsul olan pambıq istehsalında keçmiş Sovet İttifaqının ən qabaqcıl respublikası olduğundan hər il pambıqçılıq üzrə Azərbaycanın nümayəndə heyəti Özbəkistana gedir, Özbəkistanın nümayəndə heyəti isə Azərbaycana gəlirdi. Bu münasibətlərin özü də Azərbaycan-Özbəkistan dostluğunun möhkəmlənməsinə dəyərli töhfələr verirdi.
Müstəqillik əldə etdikdən sonra müasir Azərbaycanın və Özbəkistanın yaradıcıları olan Heydər Əliyevlə İslam Kərimov arasındakı dostluq münasibətləri sayəsində ölkələrimiz arasında olan qardaşlıq əlaqələri daha da möhkəmlənmişdir. Azərbaycan bu dostluğa və qardaşlığa sadiq qalaraq Mərkəzi Asiyada özünün ilk səfirliyini məhz 1996-cı ildə Özbəkistanda açmışdır. Ulu Öndər Heydər Əliyev qeyd etmişdir ki, “Azərbaycan və özbək xalqları arasında olan əlaqələr qədim tarixə malikdir, bütün dövrlərdə bizim xalqlar dost olmuş, bir-birini müdafiə etmiş, mədəni dəyərlərimizi birlikdə inkişaf etdirmişlər”. İslam Kərimov isə demişdir: “Biz Azərbaycanı tariximizə, mentalitetimizə, dinimizə və mənəviyyatımıza görə yaxın olduğu üçün özümüzə yaxın ölkə sayırıq”.
Ümummilli Lider Heydər Əliyev və İslam Kərimov ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi üçün bir neçə dəfə qarşılıqlı səfərlər etmişlər.
Heydər Əliyev və İslam Kərimov arasında olan dostluq münasibətlərini bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev davam etdirirlər və bu iki qardaş dövlətin əlaqələrinin daha da inkişafına yol açıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bu ilin mart ayında respublikamızda işgüzar səfərdə olmuşdur. Ölkələrimiz arasında indiyə kimi 154 sənəd imzalanmış və son illər Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsinin və investiyaların həcmi sürətlə artmaqdadır.
Azərbaycan-Özbəkistan münasibətləri hər iki ölkənin parlamentləri səviyyəsində də son illərdə genişlənib. Belə ki, keçən il Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Özbəkistanda, Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva və Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdirjon İsmoilov isə Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olmuşlar.
Parlamentlərarası əlaqələr həm də hər iki ölkənin parlamentində yaradılmış parlamentlərarası əlaqələr üzrə işçi qrupları vasitəsilə də davam etdirilir. Qardaş özbək xalqı ilə dostluq əlaqələrimiz eyni zamanda Azərbaycan-Özbəkistan “Dostluq Cəmiyyəti” vasitəsilə də həyata keçirilir. Bu cəmiyyət 2002-ci ildə təsis edilib və yarandığı tarixdən indiyə kimi öz fəaliyyətini iki qardaş xalq arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində qurub.
Azərbaycan və özbək xalqları arasındakı münasibətlərin kökü uzaq keçmişə gedir. Əsrlər boyu və hal-hazırda da bizim xalqları bir-birinə bağlayan dostluq və qardaşlıq dilimizin, dinimizin, adət-ənənələrimizin və mədəniyyətimizin eyni köklərə mənsub olmasıdır. Cəmiyyəti yaratmaqda məqsəd də bu əlaqələri və ənənələri SSRİ dağılandan sonra müstəqil dövlət kimi formalaşan ölkələrimizin suverenliyi dövründə də qoruyub saxlamaq və inkişaf etdirməkdir. Bu istqamətdə cəmiyyətimiz Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovla sıx əməkdaşlıq edərək birlikdə mühüm işlər görür. Hər iki xalqın dünyaşöhrətli klassik və müasir yazıçı və şairlərinin, tanınmış ziyalılarının həyat və yaradıcılığına həsr olunmuş konfranslar və ədəbi-bədii görüşlər təşkil edilir və digər tədbirlər həyata keçirilir.
Fikrət Orucov,
YAP-ın gənc fəalı