AnalitikaGündəmSiyasət

Doğma yurda qayıdışın sevincini yaşadan Füzuli

Füzuli şəhərinin azadlığa qovuşduğu 17 Oktyabr tarixi Azərbaycan xalqının taleyində xüsusi məna daşıyan günlərdəndir. Bu tarix illərlə qəlbində doğma yurdunun həsrətini yaşadan insanların arzularının gerçəkləşdiyi, milli iradəmizin və sarsılmaz dövlətçiliyimizin öz gücünü nümayiş etdirdiyi bir gün kimi yaddaşlara həkk olunmuşdur. Füzuli adı hər zaman Vətən sevgisi, torpaq bağlılığı və doğma el-obaya sədaqətlə səsləşmişdir. Bu gün həmin ad azadlığın gətirdiyi sevincin, tarixi qayıdışın və gələcəyə olan böyük inamın ifadəsinə çevrilmişdir.

İşğal illərində Füzulinin küçələri, evləri, bağları və tarixi məkanları doğma sakinlərinin səsini, gülüşünü, nəfəsini gözlədi. İnsanlar öz yurdlarının xatirələrini ürəklərində qoruyaraq bir gün həmin torpaqlara dönəcəklərinə inanırdılar. Bu inam heç vaxt sönmədi, çünki Azərbaycan xalqının torpaq sevgisi hər cür çətinlikdən güclüdür. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində şəhərin azad edilməsi həmin inamın gerçəkləşdiyini bütün dünyaya göstərdi. Bu qələbə xalqımızın birliyinin, əsgərlərimizin fədakarlığının və dövlətimizin qətiyyətli siyasətinin parlaq nəticəsi oldu.

Bu gün Füzulidə aparılan yenidənqurma işləri doğma yurda qayıdışın mənəvi sevincini real həyatın gözəllikləri ilə birləşdirir. Şəhərdə yaradılan yeni yaşayış məkanları, çəkilən yollar, qurulan sosial infrastruktur sakinlərin rahatlığına və bölgənin davamlı inkişafına xidmət edir. Hər bir yeni tikili, hər bir abadlaşdırılmış küçə keçmişin ağrılarını gələcəyin ümidləri ilə əvəz edir. Füzulinin yenidən qurulması Azərbaycanın öz torpaqlarına sahib çıxmaq əzminin, milli sərvətlərini qorumaq iradəsinin və insan amilinə verdiyi yüksək dəyərin göstəricisidir.

17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə bütün xalqımızın qəlbində qürur və minnətdarlıq hissi baş qaldırır. Biz bu günü qeyd edərkən torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını unutmuruq. Füzulinin azadlığı Azərbaycan tarixinin şanlı səhifələrindən biridir və bu səhifə gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi ötürüləcəkdir. Doğma yurdun hər qarışında yenidən həyatın canlanması xalqımızın ən böyük arzularından birinin gerçəkləşməsidir.

Nigar Əliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button