Analitika

Doğma Azərbaycana sevgi və sadiqlik

Həmrəylik günü Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Bir millətin var olması, həyatına hüzurlu davam edə bilməsi, ancaq vətəninə sahib olmağıyla mümkündür. Şəfqət verən bu doğma torpaqları yağı düşmənə tapdalatmamaq, ay ulduzlu bayrağımızı şərəflə göylərdə dalğalandırmaq, birlik və bərabər olmaq hər bir Azərbaycanlının vəzifəsidir. “Öncə Vətən, ikinci xalq, sonra mən” kəlamı Azərbaycan vətəndaşının həyat amalıdır. Vətən sevgisi sevgilərin ən gözəli və ən müqəddəsidir, ancaq bu sevgi sözdə olmamalıdır. Vətənini sevən onun uğrunda ölməyə də  hazır olmalıdır.

Biz vətən uğrunda qanlarıyla dastanlar yazan, şəhidləri ilə, qəhrəmanlarıyla dolu bir millətin övladlarıyıq.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən erməni işğalında olan 7 rayonu və  Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Azərbaycan Respublikasının Prezidenti İham Əliyev təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. Dövlətimizin başçısı çıxışlarının birində demişdir:

“Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.

25 il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi bütövləşmə hərəkatının dövlət səviyyəsində təməlinin qoyulması xalqımızın “Birlikdən qüvvət doğar” əqidəsinin müasir dövrün çağırışları şəraitində gerçəkləşməsinə zəmin yaratdı. Bu hərəkat sonrakı dövrdə geniş vüsət alaraq, milli-mənəvi bütövlüyümüzün möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdə özünün parlaq ifadəsini tapdı. Dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsi, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşmasına kömək göstərilməsi Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildi.

Görülən işlərin bir nəticəsi də o oldu ki, tarixin gedişi və taleyin hökmü ilə bir-birindən ayrı düşmüş soydaşlarımız və həmvətənlərimiz ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə dünya azərbaycanlılarının milli mənlik şüuru əsasında sıx birləşməsinin önəmini bu gün daha yaxşı anlayırlar. Azərbaycan diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi ilə yaxından məşğul olurlar.

Azərbaycan xalqı həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanır. Xalqımız bəşər sivilizasiyasının inkişafına verdiyi dəyərli töhfələr ilə haqlı olaraq fəxr edir.
Tarix boyu Azərbaycan xalqının istedad və zəkasının gücü ilə qurulmuş qüdrətli dövlətlərin ənənələri bu gün də yaşayır və inkişaf edir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Respublikası siyasi, iqtisadi və hərbi gücünü, mədəni zənginliyini durmadan artıran, gələcəyə inamla baxan bir dövlətdir.

Cəlilova Natavan,
Xəzər rayonu, 92 № li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button