
Tarix bəzən elə hadisələr yaradır ki, onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşına silinməz iz kimi həkk olunur. Azərbaycan xalqının XX əsrin əvvəllərində üzləşdiyi 1918-ci il qırğınları da məhz belə faciələrdən biridir. Bu hadisələr təkcə müəyyən bölgələrdə baş vermiş lokal toqquşmalar deyil, ölkənin müxtəlif guşələrini əhatə edən genişmiqyaslı və planlı zorakılıqlar silsiləsi olmuşdur. Həmin dövrdə Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər ərazilərdə minlərlə günahsız insan amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, bütöv kəndlər yer üzündən silinmişdir. Həmin dövrdə bölgədə baş verən proseslərin ideoloji əsasını tarixi reallıqdan uzaq, uydurma ərazi iddialarına söykənən düşüncələr təşkil edirdi. Bu yanaşma çərçivəsində Cənubi Qafqazda demoqrafik vəziyyətin dəyişdirilməsi, yerli əhalinin sıxışdırılması və yeni siyasi reallıqların yaradılması hədəflənirdi. Bu məqsədlərə nail olmaq üçün isə ən sərt və amansız üsullardan istifadə olunmuş, zorakılıq, qırğın və terror siyasəti geniş şəkildə tətbiq edilmişdir. Bu baxımdan 1918-ci il hadisələri yalnız bir dövrün faciəsi deyil, müəyyən ideoloji xəttin həyata keçirilməsi istiqamətində atılmış addımlar kimi qiymətləndirilməlidir.
Baş verən qırğınlar zamanı dinc əhali xüsusi qəddarlıqla hədəfə alınmışdır. Qadınların, uşaqların və qocaların belə amansızcasına qətlə yetirilməsi, insanların işgəncələrə məruz qalması, diri-diri yandırılması, yaşayış məntəqələrinin yandırılıb dağıdılması bu hadisələrin əsl mahiyyətini ortaya qoyur. Bu cür vəhşiliklər sadəcə hərbi əməliyyatların nəticəsi deyil, insanlıq anlayışına sığmayan, məqsədyönlü şəkildə mülki əhaliyə qarşı həyata keçirilmiş cinayətlər idi. Bu faktlar bir daha sübut edir ki, həmin dövrdə baş verənlər etnik və dini nifrət zəminində həyata keçirilmiş sistemli zorakılıq siyasəti olmuşdur. Bu qanlı hadisələrin miqyası Azərbaycanın bir çox bölgəsində eyni ssenari ilə təkrarlanmışdır. Şamaxıda onlarla kənd dağıdılmış, minlərlə insan qətlə yetirilmiş, Qarabağ və Zəngəzur bölgələrində əhali öz doğma torpaqlarından qovulmuşdur. Bütün bu hadisələr bir-biri ilə əlaqəli olub, vahid məqsədə – ərazilərin etnik tərkibinin dəyişdirilməsinə xidmət etmişdir.
Bu gün həmin hadisələrin xatirəsi müxtəlif memorial komplekslər və tarixi araşdırmalar vasitəsilə yaşadılır. Xüsusilə Quba Soyqırımı Memorial Kompleksi bu baxımdan mühüm əhəmiyyət daşıyır və ziyarətçilərə həmin dövrün reallıqlarını əyani şəkildə təqdim edir. Bu cür təşəbbüslər tariximizin unudulmaması və gələcək nəsillərə düzgün çatdırılması baxımından mühüm rol oynayır.
1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində baş verən qırğınlar xalqımıza qarşı həyata keçirilmiş sistemli zorakılıq siyasətinin acı nəticəsi idi. Bu hadisələr bir daha göstərir ki, tarixdə baş verən belə faciələr unudulmamalı, onların mahiyyəti düzgün dərk olunmalı və gələcək nəsillərə çatdırılmalıdır. Quba qırğınları isə bu faciələr içərisində öz xüsusi yeri ilə seçilərək həm miqyasına, həm də vəhşiliyinə görə yaddaşlarda qalır və insanlıq əleyhinə törədilmiş cinayətlərin ən ağır nümunələrindən biri kimi tarixə həkk olunur.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



