Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir
Dil milli varlığımızın əsas təmsilcisi kimi millətimizin mənəvi miraslarından biridir. Özünə, keçmişinə, tarixi kimliyinə sahib çıxmaq bir xalqın dilinə duyduğu sayğı ilə başlar. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Dil bir xalqın özünü ifadə etmə bacarıqlarının əsasında durur. Azərbaycan dilinində tarixi inkişaf mərhələlərinə diqqət etsək görərik ki. keşməkeşli yollardan keçmişdir. Xalqımız zaman-zaman işğalçıların təcavüzünə məruz qalarkən dilimizdə bundan öz nəsibini almışdır. Lakin xalqımız öz qüdrətini hər zaman tarix səhnəsində ortaya qoymağı bacarmışdı. Milli kimliyimizə, müstəqilliyimizə sahib çıxdığımız kimi dilimizi də qorumağı bacarmışıq.
Tarixə nəzər saldıqda görərik ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Cəsarətli mövqeyi ilə öz sözünü ifadə edən Heydər Əliyev bu məsələdən də yan keçmədi. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, bildirərək yeni konsitutsiyada bu məsələni işıqlandırdı. Ümummilli Lider Heydər Əliyevin tarixi təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur.
Ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizə dilimizə sahibliyimizi bir daha isbatlayırdı. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır: “Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur”. Azərbaycanın dilçi alimlərinə ayrılan xüsusi diqqətlə onları himayə edərək dilimizin sahib olduğu dəyərlərin öyrənilməsi və təbliğ edilməsinin təmin etmək istəyirdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Ana dilimizin xalqımız adı ilə əlaqələndirilməsi milli kimliyimizin ifadə edilməsində vacib rola malik idi. Beləcə ana dilimizin Azərbaycan dili adlandırılması məsələsi Ulu Öndər Heydər Əliyev təşəbbüslərindən biri olmuşdur. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Dövlət dilinin tətbiqi məsələsi xüsusi əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir. Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir. Ardınca 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik İlham Əliyevin fəaliyyətini dövründə davam etdirilmişdir. Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Azərbaycan dilinin qorunmasına xidmət edən Dövlət Proqramının qəbul edilməsi də dilimizə göstərilən qayğının nümunəsidir. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi dilimizin saflığını qorumaq çox vacibdir. “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
İsmayılova Gülər,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin direktoru