Analitika

Dil hər bir millətin özünə xas olan ünsiyyət vasitəsidir

Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və bu mənada Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir.

Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən, “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir” söyləyən ulu öndər Heydər Əliyev bildirirdi ki, xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı naminə “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunda dəfələrlə dəyişikliklər etmişdir. Heydər Əliyev öz çıxışlarında qeyd edirdi ki, Azərbaycan dili türk dili deyil, türk soylu bir dildir. Bizim Azərbaycan kimi dövlətimiz və onun öz dövlət dili var. Hər zaman deyildiyi kimi, hər bir xalqın ana dili onun milli varlığını təsdiq edir və xalqın mədəniyyəti, elm və təhsilinin inkişafında dil başlıca rol oynayır. Hər bir vətəndaşın təhsili öz ana dilini öyrənməklə başlayır.

Görkəmli dövlət xadimi ana dilinə – Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.

Ümumiyyətlə, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə ulu öndərin adı ilə bağlıdır.

Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən ümummilli lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi. Ümummilli lider Heydər Əliyevin natiqlik məharətini ana dilini gözəl bilməsi, bu dildən mənəvi zövq alması şərtləndirir. Heydər Əliyev Azərbaycan dilinin bütün sahələrdə yayılması ilə bağlı ciddi işlər görüb.

Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir.Bu gün çox böyük daxili inamla demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir. Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin siyasəti Azərbaycanda ana dilinin – ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratmışdır ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə əminik.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button