Analitika

Dialoq Forumunun platforması ayrı-seçkilikdən, ikili standartlardan uzaq, sülh, sabitlik və ədalətli əməkdaşlıq erasına keçmək üçün başlanğıcdır

Azərbaycanda  mədəniyyətlərarası və sivilizasiyalararası  məsələlərə həsr olunmuş çoxsaylı beynəlxalq konfranslar keçirilir. Elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən bu konfranslarda  daha təhlükəsiz, daha ədalətli dünya üçün   təkliflər hazırlanıb təbliğ edilir. Qeyd etmək istərdim ki, belə konfransların respublikamızda keçirilməsi bir tərəfdən beynəlxalq aləmdə dövlətimizin siyasi nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhfə verən bir ölkə olduğunu dünyaya tanıdır. Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunmuşdur. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənmiş, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artmışdır. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynamış və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilmişdir. Bu, parlaq düşünülmüş və həyata keçirilmiş strategiya idi. Bakıda  öz işinə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bunu təsdiqləmək üçün daha bir imkan yaratdı. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya toplaşmışlar. Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir.  Azərbaycan da bu  məsələyə  çox fəal qoşulmuşdur.  “Yaşıl iqtisadiyyat”, “Yaşıl əmək” konsepsiyalarına keçid, bərpaolunan enerji və bir sıra digər layihələr buna misaldır. Forumda çıxışı zamanı  Azərbaycanın COP29-a ev sahibliyi  etməsini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq”. Ölkə başçısı   bir daha qeyd etdi ki, biz bölgədə sülhün təmin olunması üçün  çalışırıq və bu prosesə maneə olmaq istəyənlərə də öz mesajını verdi: “ Bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun platforması  tək bölgəmiz üçün deyil, bütün dünya üçün  yeni reallığa əsaslanan,  ayrı-seçkilikdən, ikili standartlardan uzaq,  sülh, sabitlik və  ədalətli əməkdaşlıq   erasına keçmək üçün başlanğıcdır.

Bədiyyə Sadıqova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button