Davosda bir daha sübut olundu ki, biz həm qonşu dövlətlərlə, həm də region dövlətləri ilə səmimi münasibətlər qurmağın tərəfdarıyıq
Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib və çıxış zamanı bildirib ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr -Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır.Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Artıq bir neçə üçtərəfli əməkdaşlıq formatı var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub.İstehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı.Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. Prezident cənab İlham Əliyev Azərbaycanın son 10 il ərzində Xəzər dənizində yükaşırma qabiliyyəti 15 milyon ton olan və 25 milyon tona qədər artıracağı planlaşdırılan ən böyük ticarət limanlarından birinə sahib olduğunu bildirdi. Ölkənin əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdığını, bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırıldığını vurğuladı.Cənab Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətinin hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslandığını, yalnız əməkdaşlıq sayəsində uğur qazanıla biləcəyini qeyd etdi. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub. Misal olaraq Azərbaycanın artıq dördüncü ildir Qoşulmama Hərəkatına sədrlik etməsidir. Azərbaycan könüllü, hər hansı təmənna güdmədən pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib.Cənab Prezident 1990-cı illərin əvvəllərində ölkəmizin köməyə ehtiyacı olduğunu, ölkəmizin bir çox iqtisadi və sosial problemlərlə üzləşdiyini, bu səbəbdən də, kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdığımızı vurğuladı.
Ermənistan isə bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib.Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.
Aynur Həsənova,
YAP-ın gənc fəalı