Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsidir
Milli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılması son dərəcə vacibdir. Zəngilanda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” 2-ci Milli Şəhərsalma Forumu açılıb.
“Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – post-münaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Forumun işində 400 nəfər, o cümlədən dünyanın 53 ölkəsindən 200 əcnəbi qonaq iştirak edib. Foruma yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri, elm adamları, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qardaşlaşma əlaqələri olan xarici tərəfdaşlar və digər maraqlı tərəflər daxil olmaqla, ümumilikdə 600-dən çox iştirakçı qatılıb.
İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirilib. “Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün unikal imkan yaradaraq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi və həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynamışdır.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. “İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq. Bu, təbii ki, parlamentdə yenidən müzakirə ediləcək və dediyim kimi, Azərbaycan bunu öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirir. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq”, – dövlət başçısı qeyd edib.
“Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Təkcə bərpa etmək deyil, burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
“Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir”. “Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcək. Gələcəkdə isə əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq”, – dövlət başçısı əlavə edib.
Cənab Prezident öz çixişinda -“Biz Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçiririk”,–deyə bildirib. Belə ki,- “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Hesab edirəm ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir. Ona görə də burada bu potensial var”, – dövlət başçısı vurğulayıb.
Sonda iştirakçılar ölkəmizdə keçirilən Milli Şəhərsalma Forumunun yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər. Hər il keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Şəhərsalma Forumunun nəticələrinə dair yekun Bəyannamə qəbul olunub. Bəyannamədə Forumun məqsədi və əhəmiyyəti qeyd edilərək mövcud əməkdaşlıq əlaqələrinin qorunub saxlanılması və yeni tərəfdaşlıqların qurulmasının vacibliyi önə çəkilib, tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Prezidentin Xüsusi Nümayəndəliyinə və ADA Universitetinə, Ağdam və Bakı şəhərlərinə, həmçinin BMT Məskunlaşma Proqramına təşəkkür edilib.
Səfərova Ülviyyə,
Xəzər rayonu, 256 №li məktəbin müəllimi