Analitika

Davamlı əməkdaşlığın əsas meyarı

İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayının 19-da qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana  26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən  “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. Səfər çərçivəsində Özbəkistan Prezidenti İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim olunub. Bu kontekstdə Azərbaycan Mərkəzi Asiyanın önəmli ölkəsi olan Qırğız Respublikası ilə də ikitərəfli münasibətləri inamla inkişaf etdirir.

Ölkələrimiz arasında münasibətlər hazırda yüksək səviyyədədir və getdikcə yeni məzmunla zənginləşir. Azərbaycan və Qırğız Respublikasını çoxillik tarixi, möhkəm dostluq və qardaşlıq ənənələri birləşdirir. Bu, dövlətlərarası əlaqələrin yeni şəkildə genişləndirilməsi üçün yaxşı imkanlar yaradır. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri də iki ölkə arasında münasibətlərin daha da güclənməsinə kömək edəcək.

Ümumiyyətlə, cənab Japarovun ölkəmizə səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından çox məhsuldar oldu. Ondan çox sazişin imzalanması əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi üçün əlverişli hüquqi baza olacaq. Qeyd edək ki, hazırda Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə artır, ölkələr birgə layihələr həyata keçirir, həmçinin qarşılıqlı investisiyaları və özəl sektorun işini həvəsləndirir.

2023-cü ilin sonunda Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 6 dəfədən çox artaraq 65 milyon dollara çatıb. Xüsusilə, Qırğızıstan qeyri-neft məhsullarının satışı baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Qırğızıstan liderinin ölkəmizə səfəri həm də böyük mədəniyyət hadisəsi ilə yadda qaldı. Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışında  Prezident İlham Əliyevin bildirdiyi kimi, qardaşlıq münasibətləri tarixində əlamətdar günə çevrildi. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, bu, iki xalqın dostluğunun, qardaşlığının və birliyinin daha bir rəmzi olacaq. Çingiz Aytmatov dünya şöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasın da öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur. Azərbaycan xalqı Çingiz Aytmatovu sevir. Xalq onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyir.

Təkcə Qırğızıstanın deyil, həm də bütün Türk dünyasının qüruru olan Çingiz Aytmatovun abidəsinin Bakıda ucaldılması xalqlarımızın yaxınlaşması baxımından da son dərəcə vacib rol oynayacaqdır. Beləliklə, Azərbaycan və Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ortaq mövqe var. Bununla belə, qarşılıqlı iqtisadi fəaliyyətə xüsusi önəm verilir. Əminliklə qeyd etmək olar ki, Qırğızıstan liderinin son səfəri iki türk dövləti arasında münasibətləri yeni zirvəyə daşıyacaq.

Azərbaycan regionun  lider dövləti kimi artıq beynəlxalq layihələrin də əsas aparıcı qüvvəsi kimi çıxış edir. Bu baxımdan Qırğızıstanla əlaqələr həm də ölkəmizin Türk Dövlətləri Təşkilatındakı mövqeyi və qarşıya qoyduğu hədəflərlə birbaşa bağlıdır. Azərbaycan tarixi köklərdən irəli gələn əlaqələr üzərində Cənubi Qafqazla məhdudlaşmayaraq bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir.

Zaxarova Sevinc,
Xəzər rayonu,
136 saylı tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button