AnalitikaGündəmSiyasət

Dağıntıların Arxasında Qəsd və Vandalizm

İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndlərində həyata keçirilən sistemli dağıntılar təkcə fiziki deyil, həm də mənəvi və mədəni soyqırım nümunəsi kimi tarixə düşdü. Xüsusilə dini və mədəni irsə qarşı törədilən vandalizm aktları erməni işğalının qəddar və insanlığa zidd mahiyyətini üzə çıxardı. Rəsmi məlumatlara əsasən, işğal altındakı ərazilərdə mövcud olan 67 məsciddən 65-i tamamilə məhv edilib, qalan ikisi isə təhqir olunaraq donuz və inək tövləsinə çevrilib. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün İslam aləminə qarşı açıq hörmətsizlik idi.
İşğalçılar təkcə ibadətgahları deyil, eyni zamanda qəbiristanlıqları da hədəfə aldılar. Minlərlə məzarlıq yerlə bir edilib, qəbir daşları sökülərək Ermənistana daşınıb və ya məhv edilib. Bu, ölmüş insanların xatirəsinə qarşı edilən vəhşilik olmaqla yanaşı, ümumbəşəri dəyərlərin də ayaq altına atılması deməkdir. Tarixi izlərin silinməsi, Azərbaycan xalqının bu torpaqlarla bağını qoparmağa yönəlmiş planlı etnik-mədəni təmizləmə siyasətinin bir hissəsi idi.
Azərbaycan dövləti işğaldan sonra azad edilmiş ərazilərdə baş verən vandalizm və dağıntıları sənədləşdirmək üçün xüsusi komissiya yaradıb. Komissiyanın işinə xarici mütəxəssislər də cəlb olunub və qiymətləndirmələr beynəlxalq metodologiya əsasında aparılıb. Nəticə isə dəhşətlidir: Ermənistanın işğal dövründə Azərbaycana vurduğu maddi və mədəni zərər təxminən 150 milyard ABŞ dolları dəyərində qiymətləndirilib.
Bu rəqəm sadəcə maddi itkini yox, həm də xalqın yaddaşına vurulan zərbəni ifadə edir. Ermənistanın törətdiyi bu əməllər bir daha göstərir ki, təkcə torpaqlar deyil, həm də kimlik, tarix və inanc bu münaqişədə hədəf alınıb. Azərbaycan isə bu dağıntılar qarşısında susmadı, bütün beynəlxalq platformalarda ədalətin bərqərar olunması üçün mübarizəsini davam etdirdi və indi də yenidənqurma prosesi ilə tarixini dirçəldir.

YAP Xəzər rayon təşkilatının fəalı
Günay Şahverdiyeva

Oxşar Xəbərlər

Back to top button