AnalitikaGündəmSiyasət

Dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələ

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın qeyri-neft sektorunun inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir. Dövlət Proqramı ölkənin zəngin mineral ehtiyatlarından daha səmərəli istifadə etməyi, xammal ixracından yüksək əlavə dəyər yaradan sənaye istehsalına keçidi təmin etməyi hədəfləyir.

Müşavirədə vurğulandığı kimi, əsas məqsəd yalnız faydalı qazıntıların hasilatını artırmaq deyil, həmin resursların ölkə daxilində emalını genişləndirmək, yeni istehsal zəncirləri yaratmaq və iqtisadi dəyəri yüksəltməkdir. Bu yanaşma Azərbaycanın sənayeləşmə siyasətinin mühüm tərkib hissəsi olmaqla yanaşı, qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafına da xidmət edir.

Dövlət Proqramında dəmir filizi, alüminium, mis və qızıl kimi strateji istiqamətlər xüsusi yer tutur. “Daşkəsən” dəmir filizi layihəsi çərçivəsində zənginləşdirmə və pelet istehsalı müəssisələrinin yaradılması, isti briketləşdirilmiş dəmir zavodunun qurulması, alüminium istehsal güclərinin artırılması və yeni emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu layihələr Azərbaycanın metallurgiya sənayesində tam dəyər zəncirinin formalaşmasına imkan verəcək.

Proqramın iqtisadi göstəriciləri də diqqətəlayiqdir. Qarşıya qoyulan hədəflərə əsasən, 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması planlaşdırılır. Bu məqsədlə 2027–2030-cu illər ərzində ümumilikdə 5,3 milyard manat investisiyanın cəlb olunması nəzərdə tutulur.

Dövlət Proqramının mühüm üstünlüklərindən biri də regionların sosial-iqtisadi inkişafına verəcəyi töhfədir. Yeni sənaye müəssisələrinin yaradılması minlərlə yeni iş yerinin açılmasına, yerli sahibkarlığın genişlənməsinə, logistika və xidmət sektorlarının inkişafına şərait yaradacaq. Eyni zamanda, texniki və peşəkar kadr hazırlığına olan tələbatın artması insan kapitalının inkişafını da sürətləndirəcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi şaxələndirmə siyasəti nəticəsində Azərbaycan təkcə enerji resursları ilə deyil, həm də müasir sənaye potensialı ilə regionun aparıcı iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu istiqamətdə strateji yol xəritəsi olmaqla, ölkənin rəqabətqabiliyyətli sənaye dövlətinə çevrilməsinə mühüm töhfə verəcək.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button