
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə 2025-ci ilin yekunlarına dair yalnız bir hesabat deyil, həm də Azərbaycanın gələcək geosiyasi və geoiqtisadi mövqeyinin necə formalaşdığını göstərən strateji çərçivədir. Prezident İlham Əliyev müsahibə boyunca xarici siyasətdə əldə edilən nailiyyətləri sadalayarkən xüsusilə üç istiqaməti ön plana çıxarır: Çinlə strateji tərəfdaşlıq, D-8 təşkilatına üzvlük və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilmək. Bu üç xətt Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünü təkcə regional dövlət kimi deyil, daha geniş coğrafiyada təsir və rol sahibi bir aktor kimi təsdiqləməsini nümayiş etdirir.
Prezident İlham Əliyev D-8 təşkilatına üzvlüyü “çox böyük nailiyyət” kimi qiymətləndirir və bunu təsadüfi bir diplomatik hadisə deyil, uzunmüddətli siyasi xəttin məntiqi nəticəsi kimi təqdim edir. Dövlət başçısının sözlərinə görə, D-8 təşkilatı təxminən 30 il əvvəl yaradılıb və yarandığı gündən bəri yeni üzv qəbul etməyib. Buna baxmayaraq, “yeganə yeni üzv Azərbaycan olmuşdur”. Bu faktın özü Prezident İlham Əliyevin baxışında Azərbaycanın beynəlxalq nüfuzunun və qəbul edilən siyasi çəkisinin göstəricisidir. Prezident İlham Əliyev vurğulayır ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir və Azərbaycanın dəvət edilməsi, seçilməsi böyük uğurdur.
Prezident İlham Əliyevin fikrincə, D-8 üzvlüyü Azərbaycanın ölçülərinə baxmayaraq, ona göstərilən böyük hörmətin əlamətidir. Dövlət başçısı bunu həm demoqrafik, həm iqtisadi müqayisə ilə əsaslandırır: təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan çoxdur, ümumi iqtisadiyyatı isə dörd trilyondan artıqdır. Azərbaycan isə nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayılmır. Buna baxmayaraq, D-8 kimi böyük platforma Azərbaycana üzvlük veribsə, bu, dövlətin apardığı müstəqil siyasətin nəticəsi kimi təqdim olunur. Prezident İlham Əliyev bu məqamı açıq şəkildə vurğulayır və bunun Azərbaycan diplomatiyasının uğuru olduğunu bildirir.
D-8 üzvlüyü yalnız simvolik status deyil. Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycan bu təşkilatda rəsmi iştirakını təmin etdikdən sonra dərhal fəal işlərə başlayıb. Prezident İlham Əliyevin ifadəsinə görə, Azərbaycanın təşəbbüsü ilə ölkədə təşkilatın bir neçə mərkəzi yaradılıb: media, iqlim, ekologiya, energetika, nəqliyyat sahələrində. Bu fakt göstərir ki, Azərbaycan D-8 üzvlüyünü passiv bir titul kimi deyil, real institusional fəaliyyət platforması kimi görür. Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycan bu təşkilatda fəal üzv kimi iştirak edəcək. Bu yanaşma D-8 üzvlüyünün Azərbaycanın beynəlxalq əlaqələrində yeni kanallar açdığını göstərir: həm iqtisadi, həm humanitar, həm də institusional əməkdaşlıq baxımından.
Müsahibədə xarici siyasət uğurlarından danışarkən Prezident İlham Əliyev ikinci mühüm istiqamət olaraq Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyi qeyd edir. Prezident İlham Əliyev bunu “nadir hadisə” kimi xarakterizə edir. Çünki coğrafi baxımdan Azərbaycan Mərkəzi Asiyada deyil, Cənubi Qafqazda yerləşir. Ancaq Prezident İlham Əliyevin vurğuladığı kimi, Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələr o qədər sıx qurulub və son illər icra edilən layihələr o qədər çoxdur ki, artıq həmin ölkələr yekdilliklə Azərbaycanı tamhüquqlu üzv seçiblər. Bu, Azərbaycanın coğrafi xəritədən daha çox, geosiyasi və iqtisadi funksiyalarla müəyyənləşən yeni rol modelinə keçdiyini göstərir.
Prezident İlham Əliyev bu prosesin özünün iştirak tarixçəsini də açıqlayır: o, Prezident kimi iki il ardıcıllıqla həmin zirvələrə fəxri qonaq kimi dəvət olunurdu. Lakin iştirak etdiyi üçüncü Zirvə Görüşündə Azərbaycan artıq tamhüquqlu üzv seçildi. Bu ardıcıllıq, Azərbaycanın regionla münasibətlərində təkamül mərhələsini göstərir: əvvəl qonaq, sonra strateji tərəfdaş və nəhayət, quruma daxil olan tamhüquqlu üzv. Prezident İlham Əliyev bunu böyük siyasi və diplomatik uğur kimi qiymətləndirir.
Prezident İlham Əliyev Mərkəzi Asiya-Azərbaycan birliyinin dünya üçün əhəmiyyət daşıdığını vurğulayır və “C5-in C6-ya çevrilməsi”nin böyük önəm kəsb etdiyini bildirir. Burada əsas məqam bağlantılar, nəqliyyat və logistika məsələləridir. Prezident İlham Əliyev qeyd edir ki, bu sahələr bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır. Dövlət başçısı xüsusilə vurğulayır ki, Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Bu fikir Azərbaycanın yeni regional funksiyasını təsvir edir: Azərbaycan, sadəcə tranzit ölkə deyil, Qərb üçün etibarlı körpü rolunu oynayan əsas aktordur.
Prezident İlham Əliyev burada alternativ marşrutların mövcudluğunu inkar etmir, lakin mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, Qərb üçün digər marşrutların məqbul olmadığını qətiyyətlə qeyd edir. Bu arqument, Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində unikal üstünlüyünü göstərir: Azərbaycanın coğrafi mövqeyi, siyasi sabitliyi, infrastruktur imkanları və etibarlılığı onu təkcə region ölkələri üçün deyil, böyük beynəlxalq aktorlar üçün də vacib tərəfdaşa çevirir.
Prezident İlham Əliyev bu rolun artıq praktiki həyatda özünü göstərdiyini də qeyd edir: Azərbaycan ərazisindən keçən yüklərin sayı artır və ilk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən keçib. Dövlət başçısı bunu başlanğıc adlandırır və yüklərin sayının dəfələrlə artacağını bildirir. Bu artımın davamlı olması üçün Azərbaycan nəqliyyat infrastrukturunu genişləndirmək üçün fəal işləyir və əlavə vəsait yatırır. Prezident İlham Əliyev bunu da vurğulayır: əvvəl hesab edilirdi ki, mövcud infrastruktur uzun illər kifayət edəcək, lakin reallıq göstərdi ki, yetərli deyil.
Prezident İlham Əliyev bu inteqrasiyanın enerji və kommunikasiya layihələri ilə də güclənəcəyini qeyd edir. O xatırladır ki, 2024-cü ilin noyabrında Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri Bakıda enerji kabelinin tikintisi ilə bağlı müqavilə bağlayıblar. Eyni zamanda fiber-optik kabelin Xəzər dənizinin dibi ilə çəkilməsi kimi layihələr də planlaşdırılır. Bu layihələr, Mərkəzi Asiya-Azərbaycan birliyinin təkcə yükdaşımalarla yox, həm də enerji və informasiya bağlantıları ilə dərinləşəcəyini göstərir.
Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinin Azərbaycanı qrupa qəbul etməsini həm hörmətin əlaməti, həm də uzaqgörənliyin göstəricisi kimi qiymətləndirir. Dövlət başçısının fikrincə, bu qərar bölgədəki geosiyasi vəziyyəti tamamilə dəyişir. Beləliklə, D-8 üzvlüyü və Mərkəzi Asiya Məşvərət Şurasında tamhüquqlu üzvlük Azərbaycan xarici siyasətinin 2025-ci ildə qazandığı ən mühüm nəticələrdən biridir. Prezident İlham Əliyevin təqdim etdiyi çərçivəyə əsasən, bu uğurlar Azərbaycanın yeni rolunu təsdiqləyir: Azərbaycan həm müsəlman dünyasının böyük platformalarında, həm də Mərkəzi Asiya ilə Qərb arasında əsas körpü rolunda strateji aktora çevrilir.
Elman Məmmədov,
Ərazi Partiya təşkilatıının sədr müavini, RTTTYM PHŞ-da Texniki Dəstək bölmə müdiri



