COP29-un reallıqları

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsi belə bir reallığın təsdiqidir ki, ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində stimulverici amildir. “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə töhfələrini artırmaq məqsədi daşıyır. Dövlət başçısı İlham Əliyev Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında “Biz iqtisadiyyatımızı şaxələndiririk” söyləyərək onu da əlavə etdi ki, hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazla bağlıdır. Hazırda əsas məqsədlərimizdən biri ixracımızı şaxələndirməkdir. Dayanıqlı inkişaf və enerji amillərinə gəldikdə isə, bildirildi ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib. Onlar bərabər şəkildə bölüşdürülür. Enerji əməkdaşlığımızı və ilk gəlirlərimizi aldığımız zaman Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi, hər ikinci şəxs yoxsul idi. Qaçqınlar arasında isə bu göstərici 75 faizdən çox idi. İndi isə biz bunu 5 faiz səviyyəsinə qədər azaltmışıq. Eyni göstərici işsizliyə də aiddir.
Bu gün Azərbaycana beynəlxalq baxışın hansı səviyyədə olduğu reallıqlarımızdan daha aydın görünür. Ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Təbii ki, bu uğura əsas verən amil ölkələr arasında əlaqələrin inkişafında mühüm faktor olan etimad mühitinin qorunması və inkişaf etdirilməsidir. Dövlət başçısı İlham Əliyev sözügedən forumdakı çıxışında ölkəmizin uğurlarının səbəblərindən danışarkən bu məqamları xüsusi qeyd etdi.
Cənab İlham Əliyevin forumdakı çıxışında səsləndirdiyi hər bir fikir gələcəyimizlə bağlı çağırışdır: “Azərbaycanın hər dövrün tələblərini özündə ehtiva edən təkmil siyasət həyata keçirməsi hədəflərə zamanında nail olmasına stimul verir. Bugünün ən aktual məsələrindən biri məhz iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə fəal olmaq, töhfələr verməkdir. COP29 Azərbaycanın, eyni zamanda, iştirakçı ölkələrin bu sahədə hansı imkanlara malik olduqlarına, həmçinin hansı töhfələri verəcəklərinə işıq salmaqla yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açacaq.
Şükufə Əhmədova,
Xəzər rayonu, 125 nömrəli məktəbin müəllimi