COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti
Bu gün dünyanın siyasi proseslərində ən önəmli faktorlardan biri ölkələrin hərbi və iqtisadi güc sahibi olmasıdır. Azərbaycan lideri İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz hər iki istiqamət üzrə inkişafın zirvəsindədir. Suveren hüquqlarımızın bərpası naminə həyata keçirilən 24 saatlıq antiterror tədbirini hay-küylə qarşılayan, hər fürsətdə ona kölgə salmağa çalışan dairələr zaman ötdükcə daha çox qəbul edəcəklər ki, Azərbaycana qarşı tətbiq etdikləri selektiv yanaşma və ayrı-seçkilik siyasəti Cənubi Qafqazda geosiyasi maraqlarının təmin olunmasına xidmət etmir və haqlı olaraq əks-reaksiya doğurur. Həmin dairələr ictimai şəkildə etiraf etməsələr də, yaxşı bilirlər ki, Azərbaycanın beynəlxalq hüququn normaları çərçivəsində, o cümlədən humanitar hüququ gözləməklə əldə etdiyi qələbə, əslində, dünya nizamının təhlükəsizliyinə verilən əhəmiyyətli töhfələrdən biridir. Dünya gücləri 35 ildən sonra, nəhayət, görməyə başlayıblar ki, hansı coğrafiyada baş verməsindən və hansı etnik qrup tərəfindən törədilməsindən, hətta onların məlum fobiyaları və ayrı-seçkiliyi səbəbindən kiməsə tərəfkeşlik etmələrindən asılı olmayaraq, separatizm dünya birliyinin nizamına ciddi təhdid yaradan təhlükəli faktora çevrilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də bu gerçəkliyin etirafıdır. Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Müstəqillik dövründə Azərbaycan bir neçə tarixi əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi edib. Onlardan birincisi 1994-cü ilin sentyabrında XX əsrin ən böyük Neft Kontraktının imzalanmasına həsr olunmuş tədbir idi. Ümummilli Lider Heydər Əliyev o zaman geosiyasi maraqları bir-biri ilə toqquşan gücləri, böyük dövlətlərin rəhbərlərini, nəhəng konsorsiumları Bakıda bir araya gətirməyə və bütün ziddiyyətlərə, bəzilərinin ciddi müqavimətinə baxmayaraq, neft müqaviləsinin imzalanmasına nail oldu. İndi isə daha açıq və daha kəskin şəkildə üz-üzə dayanan böyük təmsilçilər 11 aydan sonra Bakıda yenidən bir araya gələcək. Bu, suveren hüquqlarını bütün ərazisində öz gücünə təmin edə bilmiş Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın beynəlxalq birlik tərəfindən etiraf olunması ilə yanaşı, həm də ölkəmizin geosiyasi və geoiqtisadi maraqların uzlaşdırılmasına əhəmiyyətli töhfə vermək gücündə olduğunun tanınması deməkdir. COP29-un Azərbaycanda keçirilməsi qərarı, həqiqətən, ölkəmizin, Azərbaycan Prezidentinin növbəti tarixi uğurudur.
COP29 dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biridir. COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP bu konvensiyanın ən üst qərarverici qurumudur və konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr (hazırda 198 ölkə) COP-da təmsil olunurlar. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfır emissiyaya nail olmaqdır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir Konvesiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.
Hər il keçirilən konfransa (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.
Sonuncu, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 Noyabr-12 Dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etmişdir. İştirakçıların tərkibini əsasən dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər, və digər maraqlı tərəflər təşkil etmişdir.
Növbəti, COP29 olaraq adlandırılacaq konfrans isə 2024-cü ilin 11-24 Noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Buna, sonuncu, COP28 konfransında iştirak edən 195-dən çox ölkənin yekdilliklə səsverməsi nəticəsində qərar verilmişdir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
11-24 Noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Nəzərə alsaq ki, ölkə olaraq ən irimiqyaslı beynəlxalq tədbirimiz 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunları olmuşdur, COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.
Yüksək təmsilçilik səviyyəsinə görə BMT Baş Assambleyasına bərabər tutulan bu möhtəşəm tədbir imkan verəcək ki, Avropa Oyunlarında, Beynəlxalq Astronavtika Konqresində və digər tədbirlərdə iştirak etmiş xarici qonaqlardan dəfələrlə geniş olan yüksəksəviyyəli nümayəndə heyətləri, ekspertlər, böyük biznes təmsilçiləri və nüfuzlu media mənsubları iki həftə ərzində ölkəmizdə bir araya gələrək İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının aktual gündəliyini müzakirə edə və Azərbaycanın bu sahədə imza atdığı nailiyyətləri görə bilsinlər. Təxminən 70-80 min xarici qonağın iştirak edəcəyi bu möhtəşəm tədbir həm də imkan verəcək ki, dünya ictimaiyyətinin diqqəti iki həftə ərzində ölkəmizə və ölkəmiz vasitəsilə Cənubi Qafqaza fokuslansın. Bu gün Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan COP29-un nüfuzlu platforması çərçivəsində beynəlxalq birliyə, tərəfdaşımız olan qardaş və dost ölkələrlə yanaşı, bədxahlarımıza da göstərə biləcək ki, yaşıl enerji ilə bağlı layihələr və yaşıl enerjinin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir və bu siyasət nəticə etibarilə Avropadakı tərəfdaşlarımızın maraqlarına xidmət edir. Bu cür yüksəksəviyyəli tədbirlər həm də imkan verir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı yaratdığı reallıq təhrif edilmədən bir daha dünya ictimaiyyətinə çatdırılsın və geosiyasi maraqlarından asılı olmayaraq, hər kəs görə bilsin ki, Azərbaycanın bərpa etdiyi tarixi ədalətin təməlində beynəlxalq hüququn aliliyinə sarsılmaz inam və bağlılığı, müstəqillik seçiminə sədaqəti dayanır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un gələn il Bakıda keçirilməsi xüsusi əhəmiyyət və məna kəsb edir. Çünki bu tədbir sıradan beynəlxalq bir konfrans deyil, bu, dünyanın qorunmasına və gələcəyə hesablanan platforma mərkəzidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq bu günə qədər ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. COP29-un da ölkəmizdə daha yüksək səviyyədə keçiriləcəyi şübhəsizdir. Aydın məsələdir ki, Azərbaycanın iqtisadi və geopolitik gücü imkan verir ki, qlobal problemlərin müzakirəsi, həlli yollarının araşdırılması Bakıda baş tutsun.
Beləliklə, dünyanın nəbzi yenidən Bakıda döyünəcək. Planetin gələcəyini müəyyənləşdirən COP29-un Bakıda keçirilməsi qərarı bir daha ölkəmizin qlobal əhəmiyyətini və humanitar niyyətini təsdiq etdi.
COP29-un keçirilməsi dünyaya nümayiş etdirəcək ki, Azərbaycanın əsas gündəliyi “yaşıl” enerjilə bağlıdır, baxmayaraq ki, ölkə böyük neft və qaz istehsalçısıdır. “Yaşıl” enerji növlərinin yaradılması və “yaşıl” enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Sözügedən tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə vediyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir. Ermənilərin işğal zamanı viran qoyduqları ərazilərimiz də bu hədəflərdən kənarda qalmayıb. Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Təbii ki, ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Prezidenti bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaqdır.
Əbdüləlizadə Fidan,
Xəzər rayon, 323 №li tam orta məktəbin müəllimi



