AnalitikaGündəmSiyasət

Çinin nümunəsi, modernləşməsi və apardığı islahatlar bir çox ölkələri ilhamlandırır

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində iki ölkə arasında əməkdaşlıq müxtəlif istiqamətlər üzrə ardıcıl və dinamik şəkildə inkişaf etmişdir. Bu əlaqələrin təməlində qarşılıqlı hörmət, etimad və strateji baxış dayanır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlər bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da dərinləşir və yeni mərhələyə qədəm qoyur. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Çin ilə münasibətlərin qurulması və inkişafı Ümummilli lider Heydər Əliyevin xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri olmuşdur. Heydər Əliyev Çin kimi qlobal siyasi və iqtisadi gücə malik bir dövlətlə əməkdaşlığın Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını ön görərək bu istiqamətdə davamlı addımlar atmışdır.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan və Çin arasında ilk mühüm siyasi və iqtisadi sazişlər imzalanmış, həmin sənədlər iki ölkə arasında diplomatik, mədəni və iqtisadi sahələrdə qarşılıqlı əməkdaşlığın əsasını qoymuşdur. Heydər Əliyevin uzaqgörənliyi və geosiyasi təhlil qabiliyyəti nəticəsində Azərbaycan Çinlə yalnız iqtisadi əməkdaşlıqla kifayətlənməyib, eyni zamanda beynəlxalq arenada da bir-birinin maraqlarına dəstək verən tərəfdaşlara çevrilmişlər.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən Azərbaycan–Çin münasibətləri yeni məzmun və intensivlik qazanmışdır. Azərbaycanın iqtisadi potensialının artması, enerji resurslarının dünya bazarına çıxarılması və nəqliyyat-tranzit imkanlarının genişlənməsi bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynamışdır. Xüsusilə, “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılması çərçivəsində Azərbaycan Çin üçün mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Çindən Avropaya uzanan ən qısa və təhlükəsiz marşrutun əsas tərkib hissəsidir. Çin bu marşrutla öz məhsullarını Yaxın Şərq, Qafqaz və Avropa bazarlarına çatdırmaqda maraqlıdır və bu baxımdan Azərbaycanla tərəfdaşlıq strateji əhəmiyyət kəsb edir. 2025-ci ilin 22–24 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi dövlət səfəri Azərbaycan–Çin münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu. Səfər zamanı Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinlə, Baş nazir Li Qan ilə, eləcə də Çinin aparıcı dövlət və iqtisadi qurumlarının rəhbərləri ilə görüşlər keçirdi. Bu görüşlərdə ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, energetika, nəqliyyat, mədəniyyət və təhsil sahələrində genişləndirilməsi məsələləri müzakirə olundu və səfər çərçivəsində Azərbaycan və Çin arasında energetika, infrastruktur, kənd təsərrüfatı, nəqliyyat-logistika və rəqəmsal iqtisadiyyat sahələrində bir sıra mühüm sənədlər imzalandı. Xüsusilə “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəməri çərçivəsində əməkdaşlığın genişləndirilməsi haqqında Anlaşma Memorandumu” iki ölkə arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın yeni əsaslarını müəyyən etdi.

Çin şirkətləri Azərbaycan iqtisadiyyatına birbaşa sərmayə yatırımı etməkdə maraqlı olduqlarını bəyan etdilər. Artıq Azərbaycanın regionlarında bir neçə Çin texnoloji müəssisəsi və aqrar sənaye komplekslərinin yaradılması planlaşdırılır.

Prezident İlham Əliyevin Çinə səfəri zamanı mədəniyyət və təhsil sahəsində də əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Çində Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə məşğul olan universitetlərə dəstəyin artırılması, qarşılıqlı tələbə mübadiləsinin genişləndirilməsi və mədəniyyət günlərinin təşkili ilə bağlı razılıqlar əldə olundu. İki ölkə rəsmiləri arasında imzalanmış ən mühüm sənədlərdən biri də “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”idir.

Azərbaycan və Çin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir. Bu səfər zamanı Çinin ali rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları ilə bağlı ifadə olunan mövqe rəsmi Bakının bu ölkə ilə olan tərəfdaşlığının nə qədər dərin və etibarlı olduğunu bir daha sübut etdi.

Səfər çərçivəsində Prezident İlham Əliyev Çin Mərkəzi Televiziyasına (CCTV) verdiyi müsahibədə belə qeyd edib: “Çinin nümunəsi, modernləşməsi və apardığı islahatlar bir çox ölkələri ilhamlandırır. Bu, ölkələrin həmin təcrübədən necə istifadə etməsindən, müxtəlif ölkə liderlərinin digər ölkələrin müsbət təcrübələrindən necə öyrənməsindən asılıdır. Sizə deyə bilərəm ki, Çinin keçdiyi tərəqqi yolu bizim üçün ilham mənbəyi olmuşdur.”

Ümumi olaraq qeyd edə bilərik ki, Azərbaycan–Çin münasibətləri dərin tarixi köklərə, qarşılıqlı hörmətə və strateji maraqlara əsaslanır. Bu münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti mühüm rol oynamışdır. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində bu əlaqələr daha da möhkəmlənmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2025-ci ilin aprelində keçirilmiş dövlət səfəri bu münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərdi. İmzalanmış sənədlər, səsləndirilən fikirlər və əldə olunmuş razılaşmalar Azərbaycanın Çinlə münasibətlərinin gələcəkdə daha da dərinləşəcəyini və hər iki xalqın rifahına xidmət edəcəyini göstərir.

Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button